BAKI, 21 iyul. TELEQRAF
Almaniya Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yaxın zamanda bu ölkəyə beş ədəd "Patriot" hava hücumundan müdafiə sisteminin çatdırılmasına yardım edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiə sahəsinə dair keçirilmiş virtual görüşdə bəyanatla çıxış edib.
Nazir bildirib ki, Berlin bu məsələdə ABŞ-la koordinasiyalı şəkildə hərəkət edəcək:
"Keçən həftə Vaşinqtona səfərim zamanı mən Pit Heqsrlə razılaşdım ki, Almaniya təcili ehtiyac duyulan beş "Patriot" sisteminin operativ şəkildə çatdırılmasına töhfə verəcək. Qarşıdakı günlərdə tərəfdaşlarla birlikdə bunun necə həyata keçiriləcəyini koordinasiya edəcəyik".
Boris Pistorius, həmçinin Ukrayna istehsalı olan uzunmənzilli pilotsuz uçuş aparatlarının (PUA) alınmasının Almaniya tərəfindən maliyyələşdiriləcəyini açıqlayıb.
"Bu sistemlər döyüş meydanında artıq öz effektivliyini sübut edib. Almaniya tərəfindən maliyyələşdirilən ilk partiya yaxın günlərdə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək və dərhal istifadəyə hazır olacaq", - nazir bildirib.
Nazir əlavə edib ki, Almaniya və Böyük Britaniya Ukrayna üçün 220 min ədəd 35 mm-lik “Gepard” zenit qurğusu üçün sursat təqdim edəcək.
Pistorius vurğulayıb ki, Almaniya Ukrayna ilə müdafiə sənayesi sahəsində sıx texniki əməkdaşlıq qurmaq niyyətindədir və bu məqsədlə əlavə investisiyalar da nəzərdə tutulur.