Elşad Həsənov: “Sovet dönəmində Heydər Əliyevin böyük səyi sayəsində bu dəmir yolu ərsəyə gəldi”
Prezident İlham Əliyev III Şuşa Qlobal Forumundakı çıxışında bildirib ki, Zəngəzurdan keçən dəmir yolu SSRİ dönəmində Ermənistana aid olmayıb:
“Sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır”.
“Ermənistan istəmir ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət etsin”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edin siyasi ekspert Elşad Həsənov hesab edir ki, Prezidentin bununla bağlı arqumentləri tamamilə əsaslıdır: “Bəli, o vaxt sözügedən dəmir yolu Azərbaycana məxsus idi. SSRİ dönəmində Zaqafqaziya dəmir yolları idarəsi var idi. Orada Azərbaycana aid idarə var idi. Zəngəzurdan keçən dəmir yolu da məhz Azərbaycana dəmir yolları qurumuna məxsus olub. Maliyyələşməni də Azərbaycan həyata keçirirdi. Sovet dönəmində Heydər Əliyevin böyük səyi sayəsində bu dəmir yolu ərsəyə gəldi. Ermənistan rəhbərliyi həmin dəmir yolunun çəkilməsinə mane olmağa çalışırdı. Ancaq 1988-ci ildə Qarabağda erməni separatizmi başlayandan sonra 1991-ci ildə həmin yol bağlandı. Zəngəzur dəhlizinin açılması regionda yeni bir reallıq yaradacaq. Prezident əmindir ki, Zəngəzur dəhlizi açılacaq. Çünki ölkə başçısı proseslərin gedişini görür. Hiss olunur ki, artıq Ermənistan da yolun açılmasına razılaşıb və bunda maraqlıdır. Mətbuatda da ABŞ-ın hansısa özəl şirkətinin bu işlə məşğul olacağı barədə məlumatlar var. Yəni Zəngəzur dəhlizini 100 illik icarəyə götürməsi barədə məlumatlar var. Paşinyan keçirdiyi mətbuat konfransında açıq bildirdi ki, nəinki ABŞ, Avropa İttifaqı, hətta Çin də yolu icarəyə götürmək istəyir. Çünki Zəngəzur dəhlizi olduqca önəmli və perspektivli bir layihədir. Bu layihə təkcə Azərbaycanla Türkiyəyə yox, Ermənistana da böyük gəlir gətirəcək. Bu dəfə də Ermənistan bu şansdan istifadə etməsə, nəticəsi iqtisadi baxımdan onlar üçün ağır olacaq. Ermənistanın beynəlxalq kommunikasiyalara bağlanması Zəngəzur dəhlizindən keçir. Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanata əsasən, regiondakı nəqliyyat dəhlizlərinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməli idi. Lakin Ermənistan alternativ “Sülh kəsişməsi” nəqliyyat layihəsini təklif etdi. Bu layihəyə görə, infrastruktur ərazisindən keçdiyi ölkələrin - Ermənistan, Azərbaycan, Türkiyə və İranın suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir. Çünki Ermənistan istəmir ki, dəhlizə Rusiya nəzarət etsin”.
Vidadi ORDAHALLI