İyulun 21-də keçirilən “Ramştayn” formatında 29-cu görüş zamanı Ukrayna ordusunun müdafiə potensialının artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. Bu barədə Ukraynanın baş naziri Denis Şmıhal özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, ABŞ NATO ilə birgə yeni mexanizmə start verib. Bu mexanizm Avropa ölkələrinin ABŞ silahlarını Ukrayna üçün almaq imkanlarını genişləndirəcək.
“Avropa tərəfdaşları artıq bu təşəbbüsə maliyyə dəstəyi verməyə hazır olduqlarını bildiriblər. İdeyanın necə işləyəcəyi ilə bağlı konkret mexanizm müzakirə olunub. Almaniya isə Ukraynaya beş ədəd Patriot hava hücumundan müdafiə sisteminin verilməsi təşəbbüsünə qoşulacaq. Bu sistemlər yaxın vaxtlarda Ukraynaya çatdırılmalıdır”, – deyə Şmıhal bildirib.
//Samir Qurbanov, Editor.az