AZ

Ermənistanın təxribatları nəticəsində doğmaları qətlə yetirilmiş, əsir və girovluqda olmuş şəxslər ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 21-də davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Kənan İsayev ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Füzuli rayonunda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qəlpə yarası aldığını bildirib.

Zərərçəkmiş Səfər Hacıyev 2011-ci ildə hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında hadisənin atəşkəsin Ermənistan silahlı qüvvələri tərəfindən pozulması zamanı baş verdiyini qeyd edib.

Zərərçəkmiş Vladislav Alimov ifadəsində 1992-ci ildə döyüşlər zamanı Şuşada qapalı kələ-beyin travması aldığını, Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülərək Xankəndiyə aparıldığını bildirib. O, oktyabrın 6-dək əsirlikdən azad olunaraq Azərbaycan tərəfinə təhvil verilib.

Vaqif Qənbərov ifadəsində 1993-cü ildə Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə döyüşlər zamanı əsir götürüldüyünü, İrəvana aparılaraq Ermənistan DTX-də saxlanıldığını bildirib. Daha sonra Gümrü şəhərinə aparılaraq orada saxlanılıb. Əsirlikdə olduğu vaxt işgəncələrə məruz qalıb. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında 1995-ci il mayın 12-də Azərbaycana qaytarıldığını bildirib. V.Qəmbərov təqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin sualına cavabında isə müharibəyə gedənə qədər Dərin Özüllər Zavodunda çalışdığını qeyd edib.

Ağasəfər Şükürov ifadəsində 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunda döyüşlərdə qapalı kəllə-beyin travması alaraq əsir götürüldüyünü söyləyib. O, əvvəlcə qısa müddət Kəlbəcərdə, sonra isə Xankəndidə istintaq təcridxanasında, Şuşa həbsxanasında ağır şəraitdə saxlanılıb. 1995-ci il iyunun 8-də əsirlikdən azad olunub.

A.Şükürov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, əsirlikdə olduğu müddətdə bütün azərbaycanlılar - mülki şəxslər və hərbçilər döyülürdü. “Digərləri kimi mən də mütəmadi olaraq döyülürdüm, işgəncələrə məruz qalırdım. Məni avtomatın qundağı ilə, bellə, armaturla, dəyənəklə döyüblər. Ağzımdakı bütün dişlərimi sındırıblar”, - deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Şəhla Talıbova 1988-ci ildə Ermənistandakı dədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonunda məskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədar ora köçdüklərini bildirib. O, azərbaycanlılara qarşı təzyiqlər başlayanda avtobusa daş atılması nəticəsində 10 günlük körpəsinin gözünə şüşə qırığı batdığını söyləyib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı çətinliklə meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra Ağdama gedə bildiklərini deyib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında deyib ki, soyqırımı zamanı onun qayınatası və qayınanası 7 gün girovluqda saxlanılıb. Habelə digər qohumları girovluqda saxlanılıb, bir qismi isə itkin düşüb.

“Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızım ulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi ana, raket atırlar, gedək...”, - deyə o əlavə edib.

Yeganə İbrahimova deyib ki, Kəlbəcərə hücum olan zaman 1993-cü ilin may ayında “KamAZ” markalı yük avtomobili ilə ərazidən çıxarkən “Tunel” adlı ərazidə maşın Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb. Həmin vaxt “KamAZ”da təxminən 40 nəfər, o cümlədən Y.İbrahimovanın doğmaları (5 nəfər) olub. Hadisə zamanı 15 yaşlı Y.İbrahimova, atası, anası, qardaşları yaralanıb. Özünə 8, 14 yaşlı qardaşı Müşfiqə 5 güllə dəyib. Atası Nadir Əliyev, anası Nüşabə Əliyeva və 11 yaşlı qardaşı Tural Əliyev avtomobildə yaralı vəziyyətdə yandırılaraq qətlə yetiriliblər, onların meyitləri indiyədək tapılmayıb.

O və qardaşı Müşfiq girov götürülüb. Girovların bir qismi, o cümlədən Y.İbrahimova Heyvalı kəndinə aparılıb. Girovluqda olduğu müddətdə Xankəndidə və Xocalıda saxlanılıb. Y.İbrahimova dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, dəyişdirilməsi üçün 1994-cü ildə əvvəlcə Ermənistana, oradan isə Rusiyanın Rostov vilayətinə aparılaraq azad edilib.

Həsən Qocayev ifadəsində 1994-cü il fevralın 12-dən 13-nə keçən gecə Kəlbəcər istiqamətində döyüşlər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülərək Susuzluq kəndinə aparıldığını bildirib. Həmin vaxt o və digər azərbaycanlılar işgəncələrə məruz qalıb, ayaqlarından asılıb. Onun ayağını don vurub. H.Qocayev bildirib ki, hər iki ayağı ermənilər tərəfindən işgəncə verilməklə amputasiya edilib. O, Şuşada və Xankəndidə saxlanılıb, martın 26-da Azərbaycan tərəfinə təhvil verilib.

H.Qocayev təqsirləndirilən şəxs David Manukyanın sualına cavabında hazırda hər iki ayağının protez olduğunu söyləyib.

Rafiq İsmayılov ifadəsində 1993-cü il avqustun 24-də Füzulidə qızğın döyüşlər zamanı 6 güllə yarası alaraq əsir götürüldüyünü bildirib. Deyib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu yaralı vəziyyətdə döyüb, güllə yaraları aldığı yerləri təpikləyiblər.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran R.İsmayılov həmin il sentyabrın 4-də Ermənistan silahlı qüvvələrinin hərbçilərinə məxsus “Niva” markalı avtomobillə əsirlikdən qaçdığını bildirib.

Zərərçəkmiş Elşən Talıbov ifadəsində 1990-cı il mayın 29-da Ağdamın Əliağalı kəndində həmkəndliləri Nuru Cəfərov və Ziyad Cəfərovla birlikdə ermənilər tərəfindən girov götürüldüyünü bildirib. Onlar girov götürülərkən döyülüb, üzərilərində olan pulları və əşyaları alınıb. 5 gün sonra 55 baş iribuynuzlu heyvan qarşılığında Azərbaycan tərəfinə təhvil veriliblər.

Hüseyn Əliyev ifadəsində 1995-ci il fevralın 1-də hərbi xidmətdə olarkən dumanlı havada yolu azması nəticəsində Tərtərdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. 1 il 4 ay sonra Azərbaycan tərəfə qaytarılıb.

Ramal Hacıyev ifadəsində 2000-ci il oktyabrın 15-də dumanlı hava şəraitində Füzuli rayonunun Əbdürrəhmanlı kəndində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. 2001-ci il yanvarın 14-də əsirlikdən azad olunub.

Sahidə Ələkbərova ifadəsində Xocalı şəhərində anadan olduğunu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecəyədək orada yaşadığını bildirib. Soyqırımı zamanı Qaraqaya adlandırılan yerdə girov götürülərək Əsgəran Polis Şöbəsinə aparılıb. Şəhərin işğalı nəticəsində evi və bütün əmlakı işğalçılara qalıb.

Bəxtiyar Şəbiyev 1993-cü ildə müharibə zamanı Laçında Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Əsirlikdə olduğu zaman İrəvanda saxlanılıb, həmin müddətdə döyülüb, işgəncələrə məruz qalıb. 1994-cü ilin may ayında əsirlikdən azad olunub.

İltizam Abışov ifadəsində soyqırımı zamanı Xocalıdan məcburi köçkün düşən vaxt girov götürüldüyünü, Əsgəran polis şöbəsinə aparıldığını deyib. Bir həftəlik döyülmələrdən və işgəncələrdən sonra girovluqdan azad olunub.

İlqar Abışov ifadəsində özündən əvvəl ifadə vermiş qardaşı İltizam Abışovun dediklərini təsdiqləyib.

İlham Ağamalıyev ifadəsində deyib ki, 1993-cü ilin may ayında Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb. Əvvəlcə Basarkeçərə, sonra İrəvana aparılıb. İşgəncələrə məruz qalıb, döyülüb. İki il sonra əsirlikdən azad olunaraq Azərbaycana qaytarılıb.

Cavid Müzəffərzadə, Anar Əliyev, Münasib Mirzəyev, Allahverdi Cabbarov ifadələrində müxtəlif istiqamətlərdə girov götürüldüklərini bildiriblər.

Elgün Ələkbərov ifadəsində pambıq zavodunda traktorçu işləyərkən 2021-ci ildə Tərtərdə Ermənistan silahlı qüvvələrinin basdırdığı tankəleyhinə minaya düşərək xəsarət aldığını söyləyib.

Vasif Quliyev ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanı yaşadığı Tərtər rayonunun Qapanlı kəndində həyətinə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını söyləyib.

Polad İsmayılov ifadəsində 2024-cü il aprelin 2-də Tərtər rayonunun Çaylı kəndində heyvan otaran zaman minaya düşdüyünü bildirib. Hadisə zamanı özü və birlikdə olduğu həmyerliləri Arzuman Tağızadə və Elmin Bağırov xəsarət alıb.

Səbuhi Baxşalıyev bildirib ki, 2020-ci ildə 44 günlük müharibə zamanı – sentyabrın 28-də Tərtər rayonunun Əskipara kəndində yaşadığı evə mərminin düşməsi nəticəsində qəlpə yarası alıb, evi dağılıb, mal-heyvanı tələf olub.

Xəyal Babayev bildirib ki, 2021-ci ilin aprel ayında Suqovuşanda minatəmizləmə zamanı Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində xəsarət alıb.

Fərman Mehdiyev bildirib ki, 2005-ci il fevral ayında yaşadığı Tərtər rayonunun Qapanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində yaralanıb.

Vüsal Abbasov ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində ağır xəsarət aldığını bildirib. Hazırda ikinci qrup əlildir.

Fizuli Məmmədov ifadəsində 44 günlük müharibə zamanı – 2020-ci il oktyabrın 15-də vəfat etmiş xalasını Tərtər qəbiristanlığında dəfn edərkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində ağır yaralandığını deyib.

Rəşad Quluyev ifadəsində 44 günlük müharibə zamanı - 2020-ci il oktyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Bərdəyə atdığı mərminin partlaması nəticəsində yaralandığını söyləyib.

Qənbər Əsədov ifadəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı kimi təcili yardım maşını ilə gedərkən rayon mərkəzinə mərmi düşməsi nəticəsində ağır xəsarətlər aldığını bildirib.

Ağa Süleymanov 2020-ci il oktyabrın 14-də yaşadığı Tərtər rayonunun Düyərli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində yaralandığını söyləyib.

Müşfiq Fərəcov ifadəsində 2020-ci il oktyabrın 9-da Tərtərdə yaşadığı evə 2 ədəd top mərmisi düşdüyünü bildirib.

Vaqif Əkbərov deyib ki, ANAMA əməkdaşı olaraq minatəmizləmə işləri görərkən 2023-cü il dekabrın 5-də Ağdamda mina partlayışı nəticəsində xəsarət alıb. Nəticədə sağ ayağının bir hissəsi amputasiya olunub.

Mamed Əhmədov ifadəsində 2016-cı il aprelin 2-də Tərtər rayonunda yaşadığı Şıxarx kəndinin artilleriya atəşinə tutulması nəticəsində yaralandığını deyib.

Yaşar Mamedov ifadəsində 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban faciəsinin şahidi olduğunu bildirib. Onun sözlərinə görə 130 evlik kənd yandırılıb, dinc insanlar qətlə yetirilib.

Ələddin Məmmədov ifadəsində Aprel döyüşləri zamanı yaşadığı Tərtər rayonunun Qaraağacı kəndinə mərmi düşməsi nəticəsində evinə zərər dəydiyini bildirib.

Kamal Əliyev ifadəsində 1993-cü ildə Laçının işğalı zamanı 14 otaqlı evinin qaldığını, 2016-cı il aprelin 2-də isə yaşadığı Şıxarx kəndində mərmi düşməsi nəticəsində isə evinin yandığını söyləyib.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 24-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Seçilən
3
50
apa.az

10Mənbələr