Bakı. TurkicWorld
Tayland və Kamboca sərhədində mübahisəli ərazi ilə bağlı meydana gələn gərginlik silahlı toqquşmalara yol açıb. Toqquşmalarada azı 2 mülki şəxsin həlak olduğu bildirilir.
TurkicWorld bu barədə "The Independent" nəşrinə istinadən xəbər verir.
Ölkələr bir-birini sərhədyanı yaşayış məntəqələrinə artilleriya zərbələri endirməkdə ittiham edirlər.
Tayland rəsmilərinin məlumatına görə, Surin əyalətinə Kambocadan edilən artilleriya hücumu nəticəsində azı 2 mülki şəxs ölüb, 5 nəfər yaralanıb. Tayland ordusu sərhədyanı 86 kənddən ümumilikdə 40 min sakini təhlükəsiz ərazilərə təxliyə edib.
Gərginlik fonunda Tayland havaya F-16 qırıcılarını qaldırıb və Kambocanın sərhədyanı ərazilərinə aviazərbələr endirib. Qeyd olunur ki, Tayland hava qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində Kambocanın Xüsusi Hərbi Region Komandanlığının 8 və 9-cu bölmələri hədəfə alınıb.
Kamboca Müdafiə Nazirliyi Taylandın hərbi əməliyyatlarını "məsuliyyətsiz və vəhşi aqressiya" kimi qınayıb, qonşu ölkəni atəşkəs gərginliyinin azaldılması üçün əldə edilmiş razılaşmanı pozaraq Kamboca qoşunlarına atəş açmaqda ittiham edib.