AZ

Nazir müavini: “Naxçıvan Azərbaycanın zəngin geoloji strukturuna malik bölgələrindən biridir”

Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən zəngin geoloji strukturuna malik bölgələrindən biridir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Onun sözlərinə görə, Beynəlxalq Geologiya-Mədənçilik Forumunun bu gün məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil: “Burada yüzlərlə faydalı qazıntı yataqları – qızıl, gümüş, mis, duz, mərmər, gil, mineral sular, tikinti materialları və s. mövcuddur. Bölgənin geoloji araşdırma tarixi XX əsrin əvvəllərinə qədər gedib çıxır. Naxçıvan həm də öz iqtisadi müstəqilliyini qoruya bilmiş, ekoloji baxımdan dayanıqlı inkişaf modelini seçmiş və mədənçilik sahəsində ciddi təcrübə toplamış bir regiondur. Bu regionda dağ-mədən sektoruna sərmayə qoyuluşu həm yerli, həm də xarici investorlar üçün geniş imkanlar vəd edir”.

O qeyd edib ki, eyni zamanda həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1 000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb: “2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyulub. İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb”.

Nazir müavini vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında baş tutan Beynəlxalq Geologiya-Mədənçilik Forumun 2026-cı ildə Azərbaycanda təşkil olunacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilməsi onun qlobal əhəmiyyətini daha da artırır: “Bu, Azərbaycanın davamlı şəhərsalma, ətraf mühitin qorunması və resursların dayanıqlı idarə olunması sahəsində beynəlxalq öhdəliklərinə sadiqliyinin daha bir bariz nümunəsidir. Bu kontekstdə, 2024-cü ilin sonunda ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) da xüsusi önəm daşıyır. Bu tədbirlər Azərbaycanın qlobal ekoloji siyasətdə fəal mövqe tutduğunu bir daha nümayiş etdirir”.

Seçilən
97
4
report.az

5Mənbələr