Bu gün Forumun məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən zəngin geoloji strukturuna malik bölgələrindən biridir. Burada yüzlərlə faydalı qazıntı yatağı – qızıl, gümüş, mis, duz, mərmər, gil, mineral sular, tikinti materialları və s. mövcuddur. Bölgənin geoloji araşdırma tarixi XX əsrin əvvəllərinə qədər gedib çıxır. Naxçıvan həm də öz iqtisadi müstəqilliyini qoruya bilmiş, ekoloji baxımdan dayanıqlı inkişaf modeli seçmiş və mədənçilik sahəsində ciddi təcrübə toplamış bir regiondur. Bu regionda dağ-mədən sektoruna sərmayə qoyuluşu həm yerli, həm də xarici investorlar üçün geniş imkanlar vəd edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
Nazir müavini bildirib ki, həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb. “2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si işğal dövründə heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb”, - deyə o qeyd edib.