Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-a MDU-dan bildirilib. Bu münasibətlə MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti institutda olub, birgə tərəfdaşlığın əsas istiqamətləri ətrafında müzakirələr aparılıb.
İnstitutun sədri Elnur Rüstəmov MDU tələbələrinin nəzəri biliklərlə yanaşı, təcrübə qazanmalarının vacibliyini vurğulayıb və bu istiqamətdə universitetlə hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirib. O, tələbələrin psixoloji xidmət, sosial iş və inklüziv təhsil kimi sahələrdə bilik və bacarıqlarını institutda gerçəkləşdiriləcək layihələr vasitəsilə inkişaf etdirə biləcəklərini xüsusi qeyd edib.
Rektor Anar Eminov bu əməkdaşlığın MDU-nun müvafiq ixtisaslarında təhsil alan tələbələrin peşəkar formalaşmasına, onların sosialyönümlü layihələrə cəlb olunmasına və eyni zamanda, akademik heyətin də elmi-tədqiqat fəaliyyətlərinə yeni imkanlar açacağına inandığını vurğulayıb. Rektor qeyd edib ki, bu tərəfdaşlıq yalnız təcrübə mübadiləsi ilə məhdudlaşmayacaq. Eyni zamanda, birgə elmi layihələr, konfranslar, təlimlər və metodoloji dəstək proqramları da nəzərdə tutulur.
İnstitut tərəfindən həyata keçirilən elmi-tədqiqat işləri barədə məlumat verildikdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu rəsmiləşdirilib. Memorandum təhsil, elmi-tədqiqat və sosial məsuliyyət sahələrində ortaq təşəbbüsləri, tələbələrin institutda praktiki fəaliyyətə cəlbini, elmi nəşrlərin birgə hazırlanmasını və müxtəlif layihələrdə qarşılıqlı dəstəyi nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər arasında bir sıra ortaq təşəbbüslər reallaşdırılacaq. Buna uyğun olaraq MDU-nun təhsildə sosial-psixoloji xidmət, sosial iş, məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təhsil alan tələbə və magistrantların institutda elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, könüllü kimi iştirakı və istehsalat təcrübələrinin təşkili əsas istiqamətlərdəndir. Həmçinin institutun dəstəyi ilə universitetdə Psixologiya Mərkəzinin açılması, ixtisasartırma kursları, təlimlər, seminarlar və ustad dərslərinin təşkili, eləcə də tədris proqramlarının və fənn sillabuslarının təkmilləşdirilməsi prosesində məsləhətləşmə və ekspert dəstəyinin göstərilməsi planlaşdırılır.
Görüş çərçivəsində nümayəndə heyəti Psixologiya Elmi-Tədqiqat İnstitutunun binası və maddi-texniki bazası ilə tanış olub. MDU-nun nümayəndələri institutun laboratoriyalarında və psixoloji xidmət otaqlarında yaradılmış şəraitlə yaxından maraqlanıb, gələcəkdə bu mühitdən effektiv şəkildə istifadə olunması ilə bağlı razılığa gəlinib.