İyulun 25-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi universitetin rektoru Anar Eminov və institutun sədri Elnur Rüstəmov imzalayıblar. Bu münasibətlə MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti institutda olub, birgə tərəfdaşlığın əsas istiqamətləri ətrafında müzakirələr aparılıb.
Sədr Elnur Rüstəmov institutun elmi-tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq istiqamətləri və son illərdə həyata keçirilmiş layihələr barədə geniş məlumat verib. O qeyd edib ki, MDU ilə imzalanan bu memorandum elmi biliklərin praktiki tətbiqini gücləndirməklə yanaşı, psixoloji xidmətlərin keyfiyyətinin artırılmasına da xidmət edəcək. O, tələbələrin psixoloji xidmət, sosial iş və inklüziv təhsil kimi sahələrdə bilik və bacarıqlarını institutda gerçəkləşdiriləcək layihələr vasitəsilə inkişaf etdirə biləcəklərini xüsusi vurğulayıb.
Rektor Anar Eminov xoş qarşılama və göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, bu əməkdaşlığın MDU-nun müvafiq ixtisaslarında təhsil alan tələbələrin peşəkar formalaşmasına, onların sosial yönümlü layihələrə cəlb olunmasına və eyni zamanda, akademik heyətin də elmi-tədqiqat fəaliyyətlərinə yeni imkanlar açacağına inandığını deyib. Rektor qeyd edib ki, bu tərəfdaşlıq yalnız təcrübə mübadiləsi ilə məhdudlaşmayacaq, eyni zamanda birgə elmi layihələr, konfranslar, təlimlər və metodoloji dəstək proqramları da nəzərdə tutulur.
Memorandum çərçivəsində təhsil, elmi-tədqiqat və sosial məsuliyyət sahələrində ortaq təşəbbüslər, tələbələrin institutda istehsalat təcrübələri və könüllü fəaliyyəti, elmi nəşrlərin birgə hazırlanması və qarşılıqlı dəstək planlaşdırılır.
Əməkdaşlığın əsas istiqamətlərindən biri də MDU-nun “Təhsildə sosial-psixoloji xidmət”, “Sosial iş”, “Məktəbəqədər təlim-tərbiyə” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbə və magistrantların institutun layihələrinə cəlb olunmasıdır. Həmçinin Psixologiya Mərkəzinin yaradılması, təlim və seminarların təşkili, ixtisasartırma proqramları və fənn sillabuslarının təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Görüş zamanı MDU nümayəndələri institutun binası və laboratoriyalarında yaradılmış şəraitlə də tanış olub, bu imkanlardan effektiv istifadə ilə bağlı razılığa gəlinib.
Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu fəaliyyətə başladığı gündən bəri elmi-nəzəri və praktik sahədə mühüm işlərə imza atıb. Yeni əməkdaşlıq da MDU-nun real sektora inteqrasiya olunmuş təhsil modelinin inkişafına və psixoloji elmlərin tətbiqyönümlü tədrisinə mühüm töhfə verəcək.