ABŞ-ın Aerokosmik Agentliyi (NASA) xəbərdarlıq edir ki, 2024 YR4 adlı asteroidin 2032-ci ildə Ayla toqquşma ehtimalı artaraq 4,3%-ə çatıb. Bu göstərici, elm adamlarının fikrincə, indiyədək qeydə alınmış ən yüksək risklərdən biridir.
KONKRET.az xəbər verir ki, diametri təxminən 60 metr olan bu kosmik cisim əvvəllər də diqqət mərkəzində idi – lakin əvvəlki hesablamalarda toqquşma riski 3,1% səviyyəsində idi. Yeni müşahidələr və trayektoriya analizləri bu rəqəmi təxminən 1,5 dəfə artırıb.
Alimlərin bildirdiyinə görə, belə bir toqquşma nəticəsində Ay səthindən 100 min tona qədər süxur kosmosa sıçraya, həmçinin Yerin yaxın orbitindəki peyklərə zərər vura bilər. Bu hadisə son 5000 ildə Ayla baş verə biləcək ən böyük toqquşma kimi qiymətləndirilir.
Əgər toqquşma baş versə, Yer üzündən görünən parlaq işıq partlayışı və təxminən 1 km diametrində krater yaranacaq.
Natiq Səlim,
KONKRET.az