Fransa millisinin və “Arsenal”ın mərkəz müdafiəçisi Vilyam Saliba yaxın vaxtlarda komandadan ayrılmağı planlaşdırmır.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən verdiyi məlumata görə, futbolçu Madrid “Real”ının ciddi marağına baxmayaraq, İspaniyaya keçid ehtimalını azı növbəti Klub Dünya Çempionatının sonuna qədər gündəmdə tutmur. “Topçular”ın rəhbərliyi isə Salibanı heyətdə saxlamaqda qətiyyətlidir və onun 2027-ci ilə qədər olan müqaviləsini uzatmaq niyyətindədir.
Məlumata əsasən, London klubu fransalı müdafiəçini satmaq variantını, hətta “Real”dan gələcək yüksək təkliflərə baxmayaraq, nəzərdən keçirmir.
Qeyd edək ki, Madrid təmsilçisi daha əvvəl də Salibanı transfer etmək istəyib. O, Karlo Ançelottinin prioritet transfer hədəflərindən biri olub. Lakin futbolçunun yüksək qiyməti – təxminən 80 milyon avro – və “Arsenal”ın sərt mövqeyi bu keçidi reallaşmağa qoymayıb. Hazırkı yay transfer dönəmində də bu keçid real görünmür.