Son günlər Qarabağda baş verən yanğınlar mina təhlükəsinin hələ də ciddi şəkildə aktuallığını göstərir. Genişmiqyaslı yanğın hadisələri zamanı həmin ərazilərdə olan mina və digər partlayıcı sursatlar yüksək hərarətin təsirindən partlaya bilər. Bu cür hadisələr bir daha sübut edir ki, ermənilər işğaldan çəkilərkən təkcə keçmiş təmas xətti boyunca deyil, həmçinin yaşayış məntəqələrinə, otlaq sahələrinə, meşə və yaşıllıq zolaqlarına da minalar basdırıblar.
Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və digər qurumlar tərəfindən yollar, yol kənarları, su hövzələri və bəzi yaşayış məntəqələri mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin hələ də minalarla çirklənmiş geniş və təhlükəli ərazilər mövcuddur.
Publika.az xəbər verir ki, ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov Teleqraf-a açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə işləri bərpa prosesi ilə paralel şəkildə aparılır. Hazırda mərhələli şəkildə soydaşlarımız doğma yurdlarına köçürülür. Qarabağ azad edildikdən sonra bölgədə beynəlxalq hava limanları, müasir avtomobil və dəmir yolları inşa olunub, kənd və şəhərlər yenidən qurulub. Bu səbəbdən ölkənin müxtəlif bölgələrindən on minlərlə insan Qarabağa axın edir və artıq minlərlə keçmiş məcburi köçkün öz doğma evinə qayıdıb.