Mədəniyyət Nazirliyi tərəfindən 2025-ci il üzrə elan olunmuş qrant müsabiqələri ilə bağlı açıq infosessiya keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, infosessiya iyulun 31-də saat 16.00-da Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (ünvan: Xətai rayonu, Mehdi Mehdizadə 33, Simurq plaza, 8-ci mərtəbə) təşkil olunacaq.
İnfosessiya çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri və Müsabiqə Komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular, layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumatlar veriləcək. İnfosessiyada müsabiqə ilə maraqlanan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edə bilər.
Qeyd edək ki, iyulun 21-də Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” elan olunub. Müsabiqələrə müraciət üçün son tarix 2025-ci il avqustun 4-ü, saat 18:00 müəyyən edilib. Sənədlərin qəbulu mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir.