
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan, Cənubi Qafqazın ən böyük sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunlardan da artıq 28-i fəaliyyət göstərir.
Reyting.az xəbər verir ki, bu barədə agentlikdən bildiriblər.
Məlumata görə, bu günə qədər sahibkarlar Parka 5,6 milyard manat investisiya yatırıb, 6 300-dən artıq daimi iş yeri yaradılıb, 14,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 5,2 milyard manatlıq hissəsi ixracın payına düşüb.
Təkcə bu ilin I yarısında 1,1 milyard manatlıq məhsul satılıb ki, bunun da 545 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 20 faizə yaxın artıb.
Parkda istehsal edilən tikinti kimyəvilərin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.
Sumqayıt Kimya Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Burada sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunur. Həmçinin Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Parkın rezidentlərinə indiyə qədər 912 ədəd təsdiqedici sənəd verilib. Bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitə qənaət ediblər.