AZ

SKSP-nin rezidentləri tərəfindən 14,37 milyard manatlıq məhsul satışı həyata keçirilib

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında (SKSP) hazırda investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bunlardan da artıq 28-i fəaliyyət göstərir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, sahibkarlar tərəfindən görülən işlərə bugünədək 5,56 milyard manat investisiya yatırılıb, 6300-dən artıq daimi iş yeri yaradılıb.

2015-ci ildən 2025-ci ilin I yarımilliyi daxil olmaqla SKSP-nin rezidentləri tərəfindən ümumilikdə 14,37 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 5,17 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin I yarısında Sənaye Parkında 1,14 milyard manatlıq məhsul satışı olunub ki, bunun da 544,8 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə ixrac təqribən 20%-ə yaxın artıb.

Parkda istehsal edilən tikinti kimyəvilərin, polad və polimer boruların, sürtkü yağlarının, polimerlərin, karbamidin, müxtəlif çeşiddə kabellərin, şüşə lövhələrin, keramik plitələrin və s. məhsulların ixracı istiqamətində uğurlar əldə edilib. Əsasən bu növ məhsullar dünyanın 70-dən artıq ölkəsinə “Made in Azerbaijan” brendi adı altında ixrac olunub.

Qeyd edək ki, SKSP-də sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, burada sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin olunurlar. Həmçinin Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Parkın rezidentlərinə indiyədək 912 ədəd təsdiqedici sənəd verilib ki, bunun nəticəsində rezidentlər texnika və texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan çox vəsaitlərinə qənaət ediblər.

Seçilən
59
10
vergiler.az

10Mənbələr