AZ

Cəbrayılda daha 44 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Cəbrayıl, 30 iyul, Aydın Yavərzadə AZƏRTAC

Bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar. Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

 

13:00

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, iyulun 30-da səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 44 ailə olmaqla 166 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Cəbrayıla qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Doğma yurda qovuşan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Seçilən
58
4
azertag.az

10Mənbələr