Haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə elektronika və məişət texnikası mallarının satışını həyata keçirən iki təsərrüfat subyekti barəsində iş qaldırılıb.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçılarından olan “Baku Electronics” MMC və “ABC Telecom” MMC barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb.
Araşdırma nəticəsində “Baku Electronics” MMC tərəfindən “YOSHİRO” əmtəə nişanlı televizorların, “ABC Telecom” MMC tərəfindən isə “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə müştəriləri çaşdıran məlumatlardan və həmin məhsulların mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (nişandan) istifadə nəticəsində müştəriləri çaşdırmaqla haqsız rəqabətə yol verməsi əlamətləri müəyyən edilib. Həmçinin “YOSHİRO” əmtəə nişanlı televizorların reklamında həmin əmtəə barədə həqiqətə uyğun olmayan məlumatlar verilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri də aşkar olunub.