AZ

“Üfüq” Karyera İnkişaf Proqramının qalibləri mükafatlandırılıblar

Bakı, 1 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində reallaşan “Üfüq” Karyera İnkişaf Proqramının qalibləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sektora göstərdiyi xüsusi diqqət və qayğı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha məqsədyönlü və kompleks yanaşma əsasında qurulmasını şərtləndirir. Aqrar sahədə insan kapitalının gücləndirilməsi, idarəetmə qabiliyyəti olan peşəkarların aşkarlanması və inkişafının dəstəklənməsi xüsusi aktuallıq kəsb edir. Nazir qeyd edib ki, kənd təsərrüfatında çalışan, yüksək intellektual səviyyəyə və idarəetmə qabiliyyətinə malik şəxsləri müəyyənləşdirmək, onların peşəkar inkişafını dəstəkləmək və gələcək üçün dayanıqlı kadr bazasını formalaşdırmaq məqsədilə həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı yeniliklərə açılan qapı olmaqla fərqli düşüncə tərzi və inkişaf üçün yeni perspektivlər təqdim edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qeyd edib ki, bu gün aqrar sahədə müasir texnologiyaları dərindən bilən, innovativ yanaşmalara açıq, idarəçilik qabiliyyəti yüksək kadrlar çalışır. Gənclərin bu sahəyə həvəsləndirilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlər və kənd təsərrüfatı ixtisaslarına olan böyük maraq xüsusi önəm kəsb edir. Bu baxımdan “Üfüq” Karyera İnkişaf Proqramının həyata keçirilməsinin təqdirəlayiq olduğunu deyən Sahib Məmmədov əlavə edib ki, müsabiqə aqrar sektorda perspektivli və istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına, gələcəyin idarəçilərinin formalaşmasına əlavə imkanlar yaradır.

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev “Üfüq” Karyera İnkişaf Proqramını kənd təsərrüfatı sahəsində peşəkar kadrların aşkara çıxarılması üçün mühüm platforma adlandırıb. Fərhad Hacıyev qeyd edib ki, bu müsabiqə ölkəmizdə ixtisaslaşmış müsabiqələrin sayının artmasına təkan verir.

Çıxış edənlər müsabiqə iştirakçılarına uğurlar arzulayıb, qaliblərin qazanacağı təcrübə və biliklərin ölkəmizin kənd təsərrüfatının inkişafına layiqli töhfələr verəcəyinə əminliyini ifadə ediblər.

Tədbirdə “Üfüq” Karyera İnkişaf Proqramının icmal videosu nümayiş olunub. Kənd təsərrüfatı nazirinin müşaviri, “Üfüq” Karyera İnkişaf Proqramı üzrə işçi qrupunun rəhbəri Fərid Nəcəfov müsabiqənin təşkili ilə bağlı hesabat xarakterli çıxış edib.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb, onlara diplom və hədiyyələr təqdim olunub. “Üfüq” Karyera İnkişaf Proqramının işçi qrupunun üzvlərinə müsabiqənin təşkilində fəal iştiraka görə təşəkkürnamələr verilib.

Tədbirin sonunda müsabiqənin işçi qrupu tərəfindən mentorluq proqramı çərçivəsində mentor-qalib tərəfdaşlıqları elan edilib. Bildirilib ki, müsabiqənin şərtlərinə əsasən, 30 qalibin hər biri 1 il müddətində Kənd Təsərrüfatı Nazirliyinin idarəçi rəhbərləri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

 

Seçilən
28
5
azertag.az

6Mənbələr