İş adamı və sənətçi Emin Ağalarov “Sea Breeze” layihəsi çərçivəsində Azərbaycanda kazino açılması ilə bağlı yayılan suallara şəxsən cavab verib.
Kult.az Musavat.com-a istinadla xəbər verir ki, o, İnstaqram hesabında paylaşdığı videoda həm bu qərarın səbəblərini izah edib, həm də sosial şəbəkələrdə yayılan tənqidlərə münasibət bildirib.
Ağalarov bildirir ki, son günlər "Sea Breeze"də kazino açılması ilə bağlı verdiyi bəyanatdan sonra ona minlərlə sual ünvanlanıb. Onlardan bəzilərinə isə videoda konkret cavab verir:
“Əgər 17 faiz azərbaycanlı turist Gürcüstanın Batumi bölgəsindəki kazinolarda oynayırsa, mən niyə bu turistləri Azərbaycana qaytarmayım?”
O, bildirib ki, məqsədi Azərbaycanda turizm potensialını artırmaq, dünya səviyyəli otel və xidmət şəbəkələri ilə inteqrasiya olunaraq dörd fəsil ölkəyə turist axınını təmin etməkdir:
“Kazino açılması, turizm infrastrukturunun ayrılmaz hissəsi kimi planlaşdırılır. Uşaqların girişinə qəti qadağa qoyulacaq, yalnız 21 yaşdan yuxarı şəxslər daxil ola biləcək. İstəyimiz odur ki, müştərilər əsasən xaricilər olsun”.
Emin Ağalarov Gürcüstanı və gürcü xalqını çox sevdiyini bildirərək əlavə edib:
“Lakin öz turistlərimizi onların əlindən almalıyıq. Bu bizim üçün iqtisadi və strateji məsələdir”.
Qeyd edək ki, sosial şəbəkələrdə istifadəçilərdən gələn sərt şərhlərə də toxunub. Bəziləri onun bu layihəsini “haram”, “fəlakət”, “uşaqlar üçün təhlükəli” adlandırıb. Lakin Ağalarov bu tənqidlərə təmkinli yanaşıb və ictimaiyyətin narahatlığını anlayışla qarşılayıb.
Emin Ağalarovun “Sea Breeze” layihəsi çərçivəsində təqdim etdiyi kazino konsepsiyası, onun turizm və iqtisadi inkişaf baxımından strateji baxışının bir hissəsidir. Hələlik ictimai rəy iki yerə bölünsə də, bu video ilə Ağalarov öz mövqeyini açıq şəkildə ortaya qoyub.
Videonu Emin Ağalarovun rəsmi instaqram səhifəsində izləyə bilərsiniz. Biz isə sizə rahat olsun deyə, onu öz səhifəmizdə təqdim edirik.