İş adamı və sənətçi Emin Ağalarov “Sea Breeze” layihəsi çərçivəsində Azərbaycanda kazino açılması ilə bağlı yayılan suallara şəxsən cavab verib.
"Azia.az" Musavat.com-a istinadən xəbər verir ki, o, İnstaqram hesabında paylaşdığı videoda həm bu qərarın səbəblərini izah edib, həm də sosial şəbəkələrdə yayılan tənqidlərə münasibət bildirib.
Ağalarov deyib ki, son günlər "Sea Breeze"də kazino açılması ilə bağlı verdiyi bəyanatdan sonra ona minlərlə sual ünvanlanıb:
“Əgər 17 faiz azərbaycanlı turist Gürcüstanın Batumi bölgəsindəki kazinolarda oynayırsa, mən niyə bu turistləri Azərbaycana qaytarmayım?”
O bildirib ki, məqsədi Azərbaycanda turizm potensialını artırmaq, dünya səviyyəli otel və xidmət şəbəkələri ilə inteqrasiya olunaraq dörd fəsil ölkəyə turist axınını təmin etməkdir:
“Kazino açılması turizm infrastrukturunun ayrılmaz hissəsi kimi planlaşdırılır. Uşaqların girişinə qəti qadağa qoyulacaq, yalnız 21 yaşdan yuxarı şəxslər daxil ola biləcək. İstəyimiz odur ki, müştərilər əsasən xaricilər olsun”.
Emin Ağalarov Gürcüstanı və gürcü xalqını çox sevdiyini bildirərək əlavə edib:
“Lakin öz turistlərimizi onların əlindən almalıyıq. Bu bizim üçün iqtisadi və strateji məsələdir”.
Sosial şəbəkələrdə istifadəçilərdən gələn sərt şərhlərə də toxunub. Bəziləri onun bu layihəsini “haram”, “fəlakət”, “uşaqlar üçün təhlükəli” adlandırıb. Lakin Ağalarov bu tənqidlərə təmkinli yanaşıb və ictimaiyyətin narahatlığını anlayışla qarşılayıb.
Qeyd edək ki, Emin Ağalarovun “Sea Breeze” layihəsi çərçivəsində təqdim etdiyi kazino konsepsiyası onun turizm və iqtisadi inkişaf baxımından strateji baxışının bir hissəsidir.
https://t.me/axarazchat/272835