Avropa iyul ayında mayeləşdirilmiş təbii qaz (LNG) idxalının rekord sürətini yavaşlatsa da, alış rəqəmləri hələ də kifayət qədər yüksəkdir və illik müqayisədə 2024-cü ili xeyli üstələyir.
Bu barədə “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının məlumatında deyilir.
Məlumata görə, iyulda Avropa terminallarından Aİ-nin qaz ötürücü sisteminə LNG axını təqribən 11,3 milyard kubmetr təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 8 % azdır, amma 2024-cü ilin iyul ayı ilə müqayisədə 37 % çoxdur.
Ümumilikdə bu ilin yanvar-iyul aylarında terminallardan Avropa qaz ötürmə sisteminə LNG tədarükü rekord səviyyədə qalıb və 83 milyard kubmetri keçib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
Daha əvvəl Beynəlxalq Enerji Agentliyi Avropanın LNG idxalının ilin birinci yarısında tarixi maksimuma çatdığını və 2025-ci il ərzində rekord göstəriciləri qoruya biləcəyini bildirmişdi.