BAKI, 5 avqust. TELEQRAF
Avropa yay mövsümünün əvvəlindən 50 milyard kubmetrdən çox maye qaz (LNG) idxal edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) hesabatında bildirilib.
Assosiasiyanın 3 avqust tarixli sənədəinə əsasən, həmin gün Avropa İttifaqı (Aİ) ölkələrinin yeraltı qaz anbarlarına (YQA) 436 milyon kubmetr qaz vurulub. Gündəlik çıxarış isə cəmi 11 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında ümumi qaz həcmi 76,5 milyard kubmetrdir. Bu da ötən illə müqayisədə 19% az olsa da, iyul üzrə altıncı ən yüksək göstəricidir.
Avropa anbarlarının doluluq səviyyəsi hazırda 69,68%-dir. Bu, son beş ilin eyni dövrü ilə müqayisədə 7,82 faiz bəndi aşağıdır. Ötən il isə bu göstərici 85,8%-ə çatmışdı. Avropa Komissiyasının yeni tələbinə görə, Aİ ölkələri hər il 1 oktyabr–1 noyabr tarixləri arasında YQA-larını ən azı 90% həcmində doldurmalıdır. Qeyd edək ki, dolumda çətinliklər olduğu təqdirdə 10%-lik elastiklik də tətbiq edilə bilər.
Qeyd edək ki, ötən istilik mövsümündə Avropa təxminən 63 milyard kubmetr LNG idxal edib ki, bu da həmin dövr üçün üçüncü ən yüksək göstəricidir. Daha çox regazifikasiya olunmuş qaz yalnız son iki qış mövsümündə Avropa İttifaqının qaz nəqliyyat sisteminə daxil olub.
İyunda Avropanın LNG idxalı bu ay üçün rekord həddə çatıb (12,2 milyard kubmetr), lakin iyulda bu göstəricilər aşağı düşüb. Hazırda regazifikasiya gücləri maksimal imkanlarının 39%-i həcmində istifadə olunur.