ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə Rusiyaya səfər edə bilər. Prezident bu açıqlamanı Nyu-Cersidə jurnalistlərlə söhbəti zamanı verib.
Trampın sözlərinə görə, Uitkoffun Rusiyaya səfəri avqustun 6-da və ya 7-də baş tuta bilər. Bununla yanaşı, Ağ Evin rəhbəri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı xəbərdarlığını da təkrarlayıb.
“Sanksiyalar olacaq, amma görünür, onlar (Rusiya tərəfi – red.) bu sanksiyalardan olduqca yaxşı yan keçirlər… Onlar hiyləgər adamlardır və sanksiyaları olduqca rahat şəkildə aşırlar. Görək nə baş verəcək”, – deyə Tramp bildirib.
ABŞ lideri Rusiyanı Ukraynaya qarşı apardığı müharibəyə son qoymağa çağıraraq, konkret vaxt çərçivəsi də təqdim edib. Belə ki, Tramp iyulun 29-da bəyan edib ki, Moskva 10 gün ərzində müharibənin dayandırılması istiqamətində irəliləyişə nail olmazsa, ABŞ Rusiyaya qarşı rüsumlar və digər tədbirlər tətbiq edəcək.
“Putindən çox məyusam”, – deyə o əlavə edib.
Kreml isə Trampın bu açıqlamalarına qısa reaksiya verib. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqtonun bəyanatları “nəzərə alınıb”, lakin Rusiya “xüsusi hərbi əməliyyatı” davam etdirir.
Qeyd edək ki, Tramp iyulun 31-də Rusiyanın Kiyevə növbəti raket zərbəsindən sonra Moskvaya qarşı kəskin tonda çıxış edib. Həmin hücum nəticəsində 30-dan çox mülki şəxs həlak olub. Tramp bu hücumu “iyrənc” adlandırıb və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunacağını vəd edib.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.