AZ

Trampın yeni Ukrayna planı Putin üçün keçərli olacaqmı?

Tramp gələn həftə Putinlə görüşməyi planlaşdırır - ABŞ prezidenti daha sonra Putin və Zelenski ilə üçtərəfli görüşə hazırlaşır...

ABŞ prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə qarşıdakı həftə ərzində şəxsi görüş keçirməyi planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti danışıqların məzmunu ilə tanış olan iki mənbəyə istinadla məlumat yayıb.

Trampın planlarına əsasən, Putinlə təkbətək görüşdən sonra o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşmək və daha sonra hər üç liderin iştirak edəcəyi birgə görüş təşkil etmək niyyətindədir.

Mənbələrin sözlərinə görə, Tramp bu planları çərşənbə günü Avropa liderləri ilə telefon danışığı zamanı açıqlayıb. Danışıqlarda yalnız Tramp, Putin və Zelenskinin iştirakı nəzərdə tutulur. Avropalı liderlərin, xüsusilə Ukraynada atəşkəslə bağlı səyləri əlaqələndirməyə çalışan şəxslərin bu təşəbbüsə razılıq verdiyi bildirilir.

Hazırda Putinin və Zelenskinin Trampın bu təklifinə rəsmi cavab verib-vermədiyi bəlli deyil. Lakin NYT yazır ki, Zelenski də Trampın avropalı liderlərlə söhbətində iştirak edib. Telefon danışığından sonra Ukrayna prezidenti bəyan edib ki, “görünür, Rusiya atəşkəsə daha çox maraq göstərməyə başlayıb”.

Danışıqlarda iştirak edən digər əsas şəxslər sırasında Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO-nun baş katibi Mark Rutte, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff yer alıb.

Tramp danışıqdan sonra TruthSocial platformasında paylaşım etsə də, paylaşımda nə Putin, nə də Zelenski ilə görüş planları haqqında bir söz qeyd edilməyib.

Eyni zamanda The New York Times, Reuters və Axiosun birgə məlumatına görə, Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların 8 avqustda elan olunması planına sadiq qalır.

Poliqon.info

Seçilən
91
50
poliqon.info

10Mənbələr