AZ

Olimpiya mükafatçısı: "Azərbaycan Güləş Federasiyası mənimlə bağlı sürpriz qərar açıqlayacaq" - MÜSAHİBƏ

Azərbaycanın yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynovun AZƏRTAC-a müsahibəsi

- Sizi Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən gimnastika üzrə açıq Sumqayıt şəhər birinciliyində görmək maraqlıdır…

- Əvvəlcə qeyd etmək istəyirəm ki, bu cür gimnastika üzrə şəhər birinciliklərinin təşkil edilməsi ölkədə bu idman növünün inkişafına təkan verir. Yeniyetmə və gənclər yavaş-yavaş gimnastika ilə maraqlanmağa başlayırlar. Mən də ailəmlə birgə Sumqayıta gəlib, gənclərə öz dəstəyimi nümayiş etdirirəm. Böyüklərdən ibarət Azərbaycan millisi də dünya çempionatı öncəsi yarışda çıxış etdi. Bildiyiniz kimi, çiyin əməliyyatından sonra Milli Gimnastika Arenasında müalicə aldım. Yığmanın hər bir üzvü ilə yaxın dostluq münasibətim var. Onlara dəstəyim sonsuzdur.

- İndi də peşəniz olan güləş barədə danışaq. Gələcək karyeranız haqqında nə düşünürsünüz?

- Yaxın günlərdə Azərbaycan Güləş Federasiyası mənimlə bağlı sürpriz qərar açıqlayacaq. Bizim səviyyədə olan idmançıların gələcəyi haqqında federasiya qərar verir. Qurum rəhbərliyi nə desə, biz də onu qəbul edəcəyik. Hazırda millidə işlər yaxşı getdiyi üçün məşqçi dəyişikliyini ehtiyac duyulmur. Düzünü desəm, asan iş deyil. Böyük məsuliyyət tələb edir. Düşünürəm ki, barəmdə veriləcək qərar güləşsevərlər üçün sevindirici olacaq.

- Maraqlıdır, həmin qərarı indi açıqlaya bilərsiniz?

- Xeyr, sürprizi pozmaq istəmirəm (gülür).

- Gələn ay Xorvatiyanın Zaqreb şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək.

- Hazırda Azərbaycan millisi İstanbulda təlim-məşq toplanışı keçir. Mən də yaxın günlərdə onlara qoşulacağam. Artıq dünya çempionatında iştirak edəcək heyət bəllidir. Lakin indidən adlar açıqlanmır. Çünki zədə ola bilər. Yığmada əhvali-ruhiyyə yüksək səviyyədədir. Düşünürəm ki, həmin turnirdə əvvəlki illərdə olan uğurlu nəticələri yenidən təkrarlayacağıq.

- Azərbaycanda kişi və qadın güləşinin hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Mən son dəfə U-17-nin dünya çempionatında olmuşdum. Aşağı qruplarına baxsaq, orada artım tendesiyasını görə bilərik. Düşünürəm ki, belə davam etsək, bizi 2028-ci və 2032-ci illərdə keçiriləcək Olimpiya Oyunlarında böyük nəticələr gözləyir. Azərbaycan Güləş Federasiyası da idmançıların məşq keçməsi üçün yeni maddi-texniki bazalar inşa etdirir. Artıq Bakı ilə yanaşı, bölgələrdə də güləş zalları açılır. Bu da uğurlu gələcəyimizin göstəricisidir.

İdman.biz

Seçilən
21
27
idman.biz

10Mənbələr