AZ

Olimpiya mükafatçısı: Yaxın günlərdə Azərbaycan Güləş Federasiyası mənimlə bağlı sürpriz qərar açıqlayacaq

Olimpiya

Azərbaycanın yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Sizi ötən gün Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən gimnastika üzrə açıq şəhər birinciliyində görmək maraqlı gəldi. Bu idman növü ilə nə kimi bağlılığınız var?

- Əvvəlcə qeyd etmək istəyirəm ki, gimnastika üzrə şəhər birinciliklərinin təşkil edilməsi ölkədə bu idman növünün inkişafına təkan verir. Yeniyetmə və gənclər yavaş-yavaş gimnastika ilə maraqlanmağa başlayırlar. Mən də ailəmlə birgə Sumqayıta gəlib, gənclərə öz dəstəyimi nümayiş etdirirəm. Böyüklərdən ibarət Azərbaycan millisi də dünya çempionatı öncəsi bu yarışda çıxış etdi. Bildiyiniz kimi, mən çiyin əməliyyatından sonra Milli Gimnastika Arenasında müalicə aldım. Yığmanın hər bir üzvü ilə yaxın dostluq münasibətim var. Onlara dəstəyim sonsuzdur.

- Çoxdandır sizi güləş yarışlarında görmürük. İdmançı karyeranızı bitirmisiniz?

- Yaxın günlərdə Azərbaycan Güləş Federasiyası mənimlə bağlı sürpriz qərar açıqlayacaq. Bizim səviyyədə olan idmançıların gələcəyi haqqında federasiya qərar verir. Qurum rəhbərliyi nə desə, biz də onu qəbul edəcəyik. Hazırda millidə işlər yaxşı getdiyi üçün məşqçi dəyişikliyinə ehtiyac duyulmur. Düzünü desəm, asan iş deyil. Böyük məsuliyyət tələb edir. Düşünürəm ki, barəmdə veriləcək qərar güləşsevərlər üçün sevindirici olacaq.

- Bəlkə həmin qərarı indi özünüz açıqlayasınız...

- Xeyr, sürprizi pozmaq istəmirəm (gülür).

- Gələn ay Xorvatiyanın Zaqreb şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. Həmin yarışda yunan-Roma güləşçilərindən gözləntiləriniz nədir?

- Hazırda Azərbaycan millisi İstanbulda təlim-məşq toplanışı keçir. Mən də yaxın günlərdə onlara qoşulacağam. Artıq dünya çempionatında iştirak edəcək heyət bəllidir. Lakin adlar hələ açıqlanmır. Çünki zədə ola bilər. Yığmada əhvali-ruhiyyə yüksək səviyyədədir. Düşünürəm ki, həmin turnirdə əvvəlki illərdə olan uğurlu nəticələri yenidən təkrarlayacağıq.

- Azərbaycanda kişi və qadın güləşinin hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Mən sonuncu dəfə U-17-nin dünya çempionatında olmuşdum. Aşağı yaş qruplarına baxsaq, orada inkişafı görə bilərik. Düşünürəm ki, belə davam etsək, bizi 2028 və 2032-ci illərdə keçiriləcək Olimpiya Oyunlarında böyük nəticələr gözləyir. Azərbaycan Güləş Federasiyası da idmançıların məşq keçməsi üçün yeni maddi-texniki bazalar inşa etdirir. Artıq Bakı ilə yanaşı, bölgələrdə də güləş zalları açılır. Bu da uğurlu gələcəyimizin göstəricisidir.

Seçilən
16
27
xalqcebhesi.az

10Mənbələr