“Şkendiya”nın baş məşqçisi Jeton Beqiri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan gözləntisini paylaşıb.
Arena.az xəbər verir ki, Şimali Makedoniya və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma sabah “Şkendiya”nın meydanında baş tutacaq.
Jeton Beqiri ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında Ağdam təmsilçisinin güclü rəqib olduğunu bildirib:
“Öz gücümüzə inanırıq. Ümid ediririk ki, UEFA Çempionlar Liqasında öz yolumuza davam edəcəyik. “Qarabağ” güclü rəqibdir. Amma bizim də yüksək keyfiyyətə malik futbolçularımız var. Növbəti raunda vəsiqə qazanmağa çalışacağıq. Növbəti mərhələyə keçmək üçün şansımız var. Bu oyuna maksimum köklənməli və aqressiv olmalıyıq. Hər fürsətdən istifadə etməliyik. İlk matç hər şeyi həll etməyəcək. Lakin Bakıdakı cavab qarşılaşması öncəsi sərfəli nəticə əldə etmək istəyirik”.
Qeyd edək ki, avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq ilk görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.