Azərbaycanın II Liqasında 12 komanda iştirak edəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
“Qusar” rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/2026 mövsümündə iştirakını təsdiqləmədiyinə, eyni zamanda, II Liqanın 2024/2025 mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq çempionatdan kənarlaşdırılıb.
İdman prinsipləri rəhbər tutularaq Qusar təmsilçisini II Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” əvəzləyəcək.
Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların II Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib.
Belə ki, 2025/26 mövsümündə II Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off mərhələsində üz-üzə gələcək.
Region Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq,
2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.
2025/2026-cı illər mövsümü II Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.
II Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcəyi bildirilib.
II Liqada 2025/2026 mövsümü sentyabrın 6-da başlayacaq.