PSJ-nin qapıçısı Canluici Donnarumma klubla müqaviləni vaxtından əvvəl ləğv etməyə hazırdır.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı qolkiperə yeni klub tapılmasa, o, Paris təmsilçisini öz təşəbbüsü ilə tərk edə bilər. Donnarummanın nümayəndələrinin hələ ki, ona maraq göstərən "Qalatasaray" və "Mançester Yunayted"lə ciddi danışıqlar aparmadığı qeyd olunur. Donnarummanın növbəti klubunu seçərkən "çox seçici" olacağı bildirilir.
Qeyd edək ki, daha əvvəl "PSJ"nin "Lill" klubundan Luka Şevalyeni 40 milyon avroya transfer etməyə yaxın olduğu bildirilib. Məlumata görə, Şevalye əsas qapıçı rolunu icra edəcək.
2024/2025 mövsümündə Donnarumma "PSJ" ilə birlikdə Fransa çempionluğu, ölkə kuboku, Superkubok və UEFA Çempionlar Liqasının qalibi olub. O, ümumilikdə 47 oyunda meydana çıxaraq 43 qol buraxıb. "Transfermarkt" portalı italiyalı qapıçının dəyərini 40 milyon avro olaraq qiymətləndirir.