"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə "Şkendiya"ya qarşı keçirilən ilk oyundan sonra Şimali Makedoniyadan olan jurnalisti Bakıya dəvət edib.
İdman.biz Report.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında Ağdam təmsilçisini gözəl matça görə və 17 il ardıcıl avrokubokların qrup mərhələlərinə vəsiqə qazanması münasibəti ilə təbrik edən jurnalisti Bakıdakı cavab görüşündə görmək istədiyini deyib.
"Bizə verdiyiniz dəyərə görə təşəkkür edirəm. Göstərdiyiniz hörmət çox xoş oldu. Sizi Bakıya dəvət edirəm. İmkan olarsa Bakıya gəlib, qonağımız ola bilərsiniz",- deyə Qurbanov söyləyib.
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
İdman.biz