AZ

Ciddi quraqlıq gözlənilir - Ekspertlərdən XƏBƏRDARLIQ

İyun-avqust ayları ölkəmizdə su qıtlığının daha kəskin hiss olunduğu dövr hesab olunur. Buna əsas səbəb həmin aylarda, xüsusilə avqustda atmosfer yağıntılarının azalması, çayların sululuğunun kəskin şəkildə aşağı düşməsi, eləcə də su anbarlarında toplanmış ehtiyatların tükənmək üzrə olmasıdır.

Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, son illərdə temperaturun artması və iqlim dəyişiklikləri quraqlıq probleminin daha da dərinləşməsinə səbəb olub. Onun sözlərinə görə, xüsusilə aran rayonlarında quraqlıq halları artmaqda davam edir.

“Təəssüf ki, bu vəziyyət aqrar sektora və ölkənin biomüxtəlifliyinə də mənfi təsir göstərir. Bu baxımdan gələcəkdə daha ciddi quraqlıq təhlükəsinin yaranma ehtimalı yüksəkdir. Çünki bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində su ehtiyatlarının azalması ilə əlaqədar olaraq ciddi narahatlıq doğurur.

Bununla belə, hökumət tərəfindən vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Hidromeliorasiya işləri və yaşıllıqların artırılması ilə bağlı layihələr bu sahədə atılan mühüm addımlardandır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov isə qeyd edib ki, hazırda da su anbarlarımızda su səviyyəsinin aşağı düşməsini müşahidə edirik.

Ekoloqun fikrincə, şiddətli isti havaların davam etməsi gələcəkdə çox ciddi fəsadlara yol aça bilər.

“İlk növbədə su çatışmazlığı tarladakı məhsulun məhv olmasına, məhsuldarlığın azalmasına və ümumilikdə ərzaq istehsalına mənfi təsir göstərən vacib bir amildir. Bunun qarşısını almaq isə əsasən uyğunlaşma və hazırlıq səviyyəsindən asılıdır.

Əgər su anbarlarında olan ehtiyatlar qənaətlə istifadə olunursa, suvarma kanallarında itkilər minimuma endirilirsə, həm tarlalarda, həm də ev təsərrüfatlarında sudan səmərəli istifadə edilirsə, bu zaman qıtlığın təsiri ciddi hiss olunmur. Lakin bütün bunlar infrastrukturun vəziyyətindən və idarəetmənin düzgün qurulmasından asılıdır. Bununla əlaqədar olaraq, müvafiq qurumlar elə fəaliyyət göstərməlidirlər ki, su çatışmazlığı kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olmasın”,- deyə R.Abbasov bildirib.

Seçilən
33
2
modern.az

10Mənbələr