AZ

Vaşinqtonda tarixi GÜN: Sülh sənədi masada, Zəngəzurla bağlı QƏRAR GÖZLƏNİLİR

ABŞ Prezidenti Donald Trampın 8 avqust tarixində Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü planlaşdırılır. Görüşlər regionda sülh prosesinin irəliləməsi baxımından əhəmiyyətli diplomatik addım kimi dəyərləndirilir. Məlumatda bildirilir ki, danışıqlar zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin elan olunması da istisna edilmir. Trampın yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 22:30) Paşinyan, saat 15:20-də (Bakı vaxtı ilə 23:20) isə Prezident İlham Əliyevlə görüşəcəyi qeyd olunub.

Bəs Ağ Evdə baş tutacaq bu vacib görüş Cənubi Qafqazda sülhə real zəmin yarada biləcəkmi?

Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, bu görüş istənilən halda müsbət dəyərləndirilməli və diplomatik baxımdan əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir:

“Əbu-Dabidə formalaşan müsbət ab-hava növbəti mərhələlər üçün zəmin yaratdı. Orada əldə edilən nəticələr bu görüşlərin davamlı şəkildə keçirilməsini şərtləndirdi. İndi isə Tramp Vaşinqtonu danışıqlar üçün bir növ neytral və nüfuzlu platformaya çevirir. Bu, ABŞ-ın prosesə daha fəal şəkildə qoşulmasının göstəricisidir”.

Deputat görüşdə sülhə dair mühüm addımların atıla biləcəyini də istisna etmir:

“Hazırda masa üzərində 17 bənddən ibarət razılaşdırılmış bir sülh sənədi mövcuddur. Bu sənədin bu görüşdə təsdiqlənməsi və sonrakı mərhələdə ratifikasiya olunması mümkündür. Hətta görüşün yekununda sülh sazişi və ya ilkin xarakterli bir memorandumun imzalanacağı ilə bağlı ehtimallar səsləndirilir”.

Lakin Azər Allahverənov sülh sənədinin imzalanmasının iki əsas şərtdən keçdiyini vurğulayıb:

“Azərbaycan üçün iki vacib şərt hələ də qalır. Birincisi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, yəni sənəddə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaların çıxarılması. İkincisi isə ATƏT-in Minsk Qrupunun rəsmi şəkildə buraxılmasına dair birgə bəyanatın təqdim edilməsidir. Bu məsələlər razılaşdırılmadan sülh sazişinin imzalanması real görünmür”.

Deputat əlavə edib ki, Vaşinqton görüşündə yalnız sülh sazişi deyil, eyni zamanda Zəngəzur dəhlizinə dair məsələlərin də gündəmdə olacağı gözlənilir:

“Zəngəzur dəhlizi məsələsi ilə bağlı da müəyyən fikir mübadiləsinin aparılacağı, onun açılması ilə bağlı mövqelərin dəqiqləşdiriləcəyi ehtimal olunur. Bu, Azərbaycanın strateji maraqları baxımından xüsusi önəm daşıyır. Müzakirə olunacaq məsələlərin əhatə dairəsi genişdir və bu görüş sülh prosesində dönüş nöqtəsi ola bilər. Əsas məsələ ondan ibarətdir ki, tərəflər real nəticəyə yönəlik iradə ortaya qoysunlar”.

Aqil Qarayev
News24.az

Seçilən
123
50
news24.az

10Mənbələr