AZ

Sevinc Fətəliyeva: Tramp Administrasiyası Zəngəzur dəhlizinin açılmasında maraqlıdır

BAKI, 7 avqust. TELEQRAF

Cənubi Qafqazda sülh və əməkdaşlığı təmin etmək üçün münbit şərait yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədə yeni reallıqlar və perspektivlər yaranıb. İndiyədək müəyyən beynəlxalq aktorların Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüsləri konkret nəticə verməyib. Tərəflər yalnız ikitərəfli platforma çərçivəsində irəliləyiş əldə ediblər.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüşü şərh edərkən deyib.

Deputat bildirib ki, bu ilin əvvəlində tərəflərin sülh sazişinin mətnini razılaşdırması məhz ikitərəfli danışıqlar nəticəsində əldə olunub: “Bununla belə, beynəlxalq aktorlar proseslə bağlı tərəfsiz mövqe nümayiş etdirib optimal təşəbbüslər irəli sürərsə bunu dəyərləndirmək mümkündür. Rusiya-Ukrayna müharibəsinin fonunda Moskvanın Cənubi Qafqazda mövqeləri zəifləyib. Son illər qardaş Türkiyənin qlobal güc kimi meydana çıxması isə regiondakı proseslərə də təsirsiz ötüşmür. Ankara Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəal təşəbbüslər göstərir. Bir müddət öncə Nikol Paşinyanın Ankaraya dəvət olunması da bunun göstəricisidir. Digər tərəfdən,Qərbin enerji və nəqliyyat dəhlizlərinə marağının yüksəlməsi ABŞ-ə da proseslərə daha fəal qoşulmaq şansı yaradıb. Bayden (ABŞ-in sabiq prezidenti Cozef Bayden) Administrasiyası dövründə Vaşinqton bir sıra vasitəçilik təşəbbüsləri göstərsə də, ermənipərəst mövqe sərgilənməsi həmin təşəbbüslərin fiaskosuna səbəb oldu. Lakin hazırda Tramp (ABŞ-in hazırkı Prezidenti Donald Tramp) Administrasiyası fərqli mövqe nümayiş etdirir. Bu gün rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün tezliklə əldə olunmasının tərəfdarıdır. Eyni zamanda, Tramp Administrasiyası Zəngəzur dəhlizinin də açılmasında maraqlıdır”.

Onun sözlərinə görə, ötən ay Azərbaycan və Ermənistan liderlərinin Əbu Dabidə görüşü prosesin davam etdiyini göstərir: “Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın şəxsi dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə görüşəcəklər. Gündəliyin əsas mövzusu daiki ölkə arasındasülh sazişinin imzalanması üçün vacib addımların atılmasıdır. ABŞ diplomatiyası mövcud vəziyyəti yalnız münaqişənin formal bitməsi kimi deyil, həm də uzunmüddətli iqtisadi və nəqliyyat layihələri üçün zəmin kimi görür. Bu çərçivədə xüsusi yer tutan məsələ Azərbaycanı Naxçıvanla, oradan isə Türkiyə ilə birləşdirəcək nəqliyyat marşrutudur. Bakı bu layihəni ölkənin bütövlüyü və tranzit potensialının bərpası kimi qiymətləndirir. İrəvan isə daxili siyasi təzyiqləri nəzərə alaraq kompromisli həll yolları axtarmağa məcburdur. Tramp hakimiyyətə qayıtdıqdan sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi və bu görüş təşəbbüsü də onun mövqeyindən irəli gəlir”.

Sevinc Fətəliyeva qeyd edib ki, Əbu Dabi görüşündən sonra tərəflər sülh sazişinin paraflana biləcəyini bəyan etmişdilər: “Vaşinqton görüşündə bu istiqamətdə uğur əldə olunarsa, bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının formalaşması və regionun qlobal iqtisadi-siyasi əlaqələrə inteqrasiyası baxımından mühüm addım olacaq. ABŞ isə bu prosesin yalnız müşahidəçisi deyil, əsas təminatçısı kimi çıxış etməyə çalışır. Bütün hallarda prosesdə əsas söz sahibi Azərbaycandır. Azərbaycanın haqlı şərtləri yerinə yetirildikdən sonra sülh üçün heç bir əngəl qalmayacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması yalnız iqtisadi deyil, regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün müstəsna əhəmiyyət kəsb edir”.

Seçilən
28
50
teleqraf.com

10Mənbələr