İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın iyul sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard dollar təşkil edib.
Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 19,1 faiz artaraq dəyəri 564,7 milyon dollara bərabər olub. İxrac edilən şəkər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,4, kimya sənayesi məhsulları 38,7, meyvə-tərəvəz 24,3, pambıq iplik 16,6, qara metallar və onlardan hazırlanan məmulatlar 12,5, çay 2, alüminium və ondan hazırlanan məmulatlar 0,7 faiz artıb. Aqrar sektorda görülən tədbirlər, o cümlədən verilən subsidiyalar istehsalın artmasına imkan yaradıb. Bu, özünü həm daxili tələbatın ödənilməsində, həm də ixracda göstərib. Belə ki, cari ilin 6 ayı ərzində aqrar məhsulların ixracı 21,9, aqrar-sənaye məhsullarının ixracı isə 7,7 faiz çoxalıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı hesabat dövründə 18,2 faiz yüksəlib.
İxrac edilmiş qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (tomat) birinci, qızıl ikinci, pambıq isə üçüncü olub. İyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında da pomidor (tomat) birinci, qızıl ikinci olub. Üçüncü isə təzə albalı və gilas ixrac edilib.
Hesabat dövründə ölkəmizdən ən çox qeyri-neft sektoruna aid məhsul alan Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna olub. İyun ayında da bu ixrac coğrafiyası dəyişməyib. Qeyri-neft məhsulları ən çox bu ölkələrə göndərilib.
6 ay üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Green Tech" MMC təmsil ediliblər.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib. Daha sonra siyahıda bu şirkətlər təmsil olunublar: "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "SOCAR-DALÜIC" MMC, "Azəbaycan Dəmir Yolları" QSC, "İstisu" mineral su zavodu MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
Bunlardan əlavə, hesabat dövründə Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 8,5 milyon dollar dəyərində telekommunikasiya xidməti ixracını həyata keçirib. 6 ay ərzində "Azərkosmos" tərəfindən dünyanın 41 ölkəsinə 8,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. Cari ilin iyun ayında isə "Azərkosmos" dünyanın 34 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət göstərib. Bu dövr ərzində "Azərkosmos"un peyk telekommunikasiya xidmətlərindən ən çox Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Türkiyə və Misir istifadə edib.
R.MÜTƏLLİBOV,
"Azərbaycan"