AZ

Koreyalı professor: BMU-da yay məktəbində biliklərimi paylaşmaqdan çox məmnunam

Bakı, 7 avqust, AZƏRTAC

Bu mənim Bakı Mühəndislik Universitetinə (BMU) ilk gəlişimdir və burada olmaq mənim üçün böyük bir xoşbəxtlikdir. Universitetin kampusu çox gözəl və müasir infrastruktura malikdir.

AZƏRTAC xəbər verir ki, bunu İNHA Universiteti Elektrik və kompüter mühəndisliyi fakültəsinin professoru Gyungsu Byun deyib. O, Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən BMU-da həyata keçirilən yay məktəbində dərs deməkdən, bu sahə üzrə biliklərini paylaşmaqdan böyük məmnunluq hissi keçirdiyini vurğulayıb.

“Mən “Yüksək performanslı hesablama sistemləri və süni intellekt hesablama sistemləri üçün rəqəmsal sistem dizaynı” fənnini tədris edirəm. Bu kurs rəqəmsal sistemlərin çox kritik və fundamental bloklarını, həmçinin yüksək məhsuldarlıqlı növbəti nəsil süni intellekt hesablama sistemlərinin dizaynını əhatə edir”, - deyə koreyalı professor bildirib.

BMU ilə İNHA arasında həyata keçirilən tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı çərçivəsində gerçəkləşdirilən, akademik ilin davamı olan yay tədris prosesi 3 həftəlik dövrü əhatə edir.

BMU-İNHA İDP Azərbaycan Prezidentinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən etibarən həyata keçirilir. Prezident İlham Əliyevin ötən ay imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına 2025/2026-cı tədris ili üçün 4 ixtisas - kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası (data elmləri), informasiya texnologiyaları, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə qəbul aparılır.

Seçilən
33
4
azertag.az

10Mənbələr