AZ

Azərbaycanın təhlükəsizlik gündəmində yeni mərhələ: Müdafiə texnologiyalarında Türkiyə modeli – ÖZƏL

Türkiyənin Milli Kəşfiyyat Akademiyası İran-İsrail qarşıdurmasından sonra yeni təhlükəsizlik prioritetlərini açıqlayıb. Hesabatda hava hücumlarından müdafiənin gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin qurulması və yüksək texnologiyalara - xüsusilə REM, PUA və hipersəs raketlərinə qarşı müdafiə vasitələrinin inkişafı əsas vəzifə kimi göstərilib. Ekspertlər bu yanaşmanın yalnız Türkiyə üçün deyil, region ölkələri, o cümlədən Azərbaycan üçün də aktual olduğunu bildirirlər.

Maraqlıdır, eyni tövsiyələr Azərbaycan üçün də keçərlidirmi? 

"Türkiyə Milli Kəşfiyyat Akademiyasının hesabatında qeyd olunan tövsiyələr və prioritetlər Azərbaycan üçün də olduqca aktual və keçərlidir".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında hərbi jurnalist Anar Şuşalı deyib.

Hesabatda qeyd olunan tövsiyələr Azərbaycan üçün niyə vacibdir? 

Müasir müharibələrdə hava üstünlüyü həlledici rol oynayır. Xüsusilə pilotsuz uçuş aparatları(PUA), raketlər və ballistik hücumlar təhlükə mənbəyidir.
Azərbaycan üçün əhəmiyyəti: 2020-ci il Vətən müharibəsi zamanı hava hücum imkanları daha çox hücum yönümlü idi (Bayraktar TB2, Harop və s.). Lakin Ermənistanın, İranın və ya digər aktorların ballistik raket imkanları nəzərə alınarsa, müdafiə qabiliyyətlərinin - xüsusən də raketdən müdafiə sistemlərinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Nümunə: İsrailin "Iron Dome" sistemi kimi, Azərbaycanda da lokal və regional hava hücumuna qarşı sistemlər qurulmalıdır. Dronlar, ballistik raketlər və hava hücumları zamanı saniyələr belə həlledici ola bilər. Radar sistemlərinin gücləndirilməsi və inteqrasiya olunmuş erkən xəbərdarlıq sistemləri bu baxımdan həyati əhəmiyyət daşıyır.
Sığınacaq sistemləri: Xüsusilə sərhədyanı və strateji şəhərlərdə mülki əhalinin qorunması üçün sığınacaqların inşası vacibdir. Bu məsələ indiyə qədər Azərbaycanda geniş şəkildə tətbiq edilməyib.
Psixoloji və informasiya müharibələri müasir dövrdə fiziki müharibə qədər təhlükəlidir. Cəmiyyətin birliyini qorumaq, dezinformasiyalara qarşı immunitet yaratmaq dövlətin təhlükəsizlik strategiyasının əsas elementlərindən olmalıdır.

Hərbi jurnalist bildirib ki, etnik və dini baxımdan bir qədər mürəkkəb regionda yerləşirik. Xüsusilə informasiya müharibəsi zamanı daxildə parçalanmanın qarşısını almaq üçün milli kimlik, vətənpərvərlik və informasiya savadlılığı sahəsində uzunmüddətli strategiyalar hazırlanmalıdır. Həmçinin Azərbaycan tolerant dövlətdir və burada dinlərarası problemlər mövcut deyil. Bu baxımdan Prezident İlham Əliyevin apardığı siyasət bir çox ölkə üçün nümunə ola bilər.

Ekspert vurğulayıb ki, Azərbaycan REM və PUA texnologiyaları sahəsində regionda qabaqcıl ölkədir. Türkiyə ilə birgə layihələr (Akinci, Anka və s.), həm də İsrail texnologiyalarına çıxış imkanları var. Lakin REMS (Radioelektron Mübarizə Sistemi) sahəsində Ermənistan, Rusiya və İranla rəqabət üçün daha geniş texnoloji yatırımlar və modern sistemlərə ehtiyac var. Bu həm də PUA-ların qarşısını almaq üçün vacibdir. Hazırda hipersəs raketlərə sahib olan əsas ölkələr Rusiya, Çin və ABŞ-dir. İran isə bu sahədəirəliləyişə iddia edir.
Bu silahlar mövcud hava hücumundan müdafiə sistemlərinin əksəriyyətini keçə bilir. Ona görə Türkiyə kimi, Azərbaycan da bu sahəyə uzunmüddətli strateji baxış sərgiləyir.  Əgər regionda hipersəs raketlər silahlanmaya daxil edilərsə (məsələn, Rusiya və ya İran tərəfindən Ermənistana verilsə), Azərbaycan üçün yeni təhlükəsizlik çağırışları yaranacaq.

"Bəli, Türkiyənin hesabatında göstərilən təhlükəsizlik prioritetləri Azərbaycan üçün də aktualdır və bəziləri üzrə təxirəsalınmaz addımlar atılmalıdır. Hazırda Azərbaycan çoxsaylı hücum imkanları ilə tanınsa da, müdafiə və mülki təhlükəsizlik komponentləri hələ də əlavə inkişaf tələb edir. Geosiyasi mühitin dəyişkənliyi (İranla münasibətlər, Ermənistanla sülh prosesi, Rusiya amili) Azərbaycanın strateji hazırlıqlı olmasını zəruri edir" - deyə sonda Anar Şuşalı əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
105
50
olaylar.az

10Mənbələr