AZ

Qədim və müasir Qəbələ

Son illər Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib. Respublikamızın əhalisinin, eləcə də istirahət üçün buranı seçən əcnəbilərin üstünlük verdikləri yerlərdən biri isə Qəbələ rayonudur.

Məmləkətimizin ən qədim yaşayış məskənlərindən olan Qəbələnin təbii iqlim şəraiti turizmin inkişafı üçün əlverişlidir. Buranın relyefi müxtəlifdir. Şimal hissəsi Böyük Qafqaz dağ silsiləsinin cənub yamacına, mərkəzi hissəsi Alazan-Həftəran vadisinə, cənub hissəsi Acınohur ön dağlığına daxildir. Ölkəmizin ən yüksək dağ zirvəsi - Bazardüzü Qəbələnin ərazisindədir.

Gurultulu dağ çayları - Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bumçay, Vəndamçay, eləcə də digər kiçik çaylar, Mucux və Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri bura gələn turistlərin ən çox üz tutduqları, görmək istədikləri yerlərdəndir. Xatırladaq ki, rayonun təbii sərvətlərindən biri hesab edilən, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən şabalıd meşəsində yaşı 500 ildən çox olan ağaclar var və onlar dövlət tərəfindən mühafizə edilir. Yay günlərində yolunu Qəbələdən salanları ürəklərinə sərinlik gətirən həm də mineral bulaqları, təmiz sulu çeşmələridir. 

Qəbələ yalnız istirahət etmək, təbiətdən zövq almaq istəyənləri cəlb etmir. Tarixlə maraqlananlar üçün də bu yerlər əvəzsizdir. Çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhur olan Qəbələdə Nazirlər Kabinetinin qərarı ilə 93 tarixi mədəni abidə dövlət mühafizəsinə götürülüb. Onlardan biri - qədim Qəbələ şəhərinin qalıqları dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına aiddir. 8 memarlıq, 53 arxeoloji abidə ölkə, digərləri isə yerli əhəmiyyətlidir.

Arxeoloji qazıntıların nəticələri də təsdiq edir ki, Qəbələ eramızdan əvvəl mövcud olmuş və indiki Azərbaycanın böyük qismini əhatə edən Qafqaz Albaniyasının yüz illər boyu paytaxtı olub. Qədim abidələri də bu yerlərin tarixinin min illər öncəsindən soraq verir. Qəbələdə hara qədəm qoysan, hansı qayasına, dağına toxunsan yüz illər əvvəlki tariximizin izlərinə rast gəlirsən. Buradakı  qədim qalalar, məqbərələr, IX-XI əsrlərə aid qədim qüllə tarixi yerlərlə maraqlanan qonaqların baş çəkməkdən məmnunluq duyduqları məkanlardır. Həmin abidələr sırasında Nic kəndində aşkarlanan abidələrin, kənddə olan Alban kilsəsinin, "Daş bulaq" adlı tarixi çeşmənin  diqqətəlayiq yeri var. Nic kəndi həm də bura gələn turistlər üçün orijinal üslubda tikilən bir sıra yaşayış evləri ilə maraqlıdır.

Turistlərin ən çox ziyarət etdikləri yerlər sırasında Çuxur Qəbələ kəndində yerləşən qədim Qəbələ şəhərinin qalıqları, rayonun müxtəlif yerlərindəki daş kurqanlar (eramızdan əvvəl III-I minillik), Həzrə kəndindəki türbələr kompleksi (XIV-XV əsrlər), Nic qəsəbəsindəki nekropol (Antik dövr), Heydər Əliyev Muzeyi, Tarix-diyarşünaslıq muzeyi, İsmayıl bəy Qutqaşınlının xatirə muzeyi, Şəhidlərin xatirəsi muzeyi də var. 

Bu füsunkar yurd təbiəti və qədim tarixi kimi zəngin adət-ənənələri, xalq sənəti nümunələri ilə də diqqəti cəlb edir. Qəbələyə gələn turistlər burada Azərbaycan xalqına məxsus səmimiyyətin, mehribanlığın, qonaqpərvərliyin şahidi olurlar. Yeri gəlmişkən qeyd edək ki, Qəbələ Rayon Statistika İdarəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 42,3 min yerli və əcnəbi turist yerləşdirilib. Onların 18,6 min nəfəri (44 faizi) Azərbaycan, 23,6 min nəfəri (56 faizi) xarici ölkə vətəndaşı olub. Məlumatda o da qeyd edilib ki, bu ilin birinci yarısında Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artım qeydə alınıb. Həmin dövrdə Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, 6 ayda bu ölkənin 11,4 min vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-iyun aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 3817, Birləşmiş Ərəb Əmirliklərindən 2366, Pakistandan 1482, İsraildən 695, Küveytdən 603, Rusiya Federasiyasından 539, Qətərdən 507, Omandan 219, Türkiyədən 150, ABŞ-dən 130, Böyük Britaniyadan 122 turist səfər edib. Gələnlərin 1631 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Qəbələdə beynəlxalq mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənəsi də var. Şəhər klassik musiqisevərlərin görüş yerinə çevrilib. Hər ilin yay mövsümündə Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın müxtəlif qitələrindən gələn istedadlı musiqiçilər sənət uğurlarını paylaşırlar. Beynəlxalq əhəmiyyətli tədbirlərin düzənlənməsi həm də bu yerlərə işgüzar səfərə və istirahətə gələnlərin sayını artırır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
31
50
azerbaijan-news.az

10Mənbələr