AZ

Ehsan qadağasından sonra növbə TOYLARA çatdı – Dəbdəbəli toy süfrələri YIĞIŞDILIR?

Azərbaycanda son vaxtlar yaş mərasimlərində dəbdəbəli süfrələrin qurulmasına rəsmi səviyyədə qadağalar qoyulur. Qərarın arxasında israfçılıqla mübarizə, dinə dəqiq riayət, sosial baxımdan isə bərabərlik niyyəti dayanır. Lakin ictimaiyyət arasında haqlı suallar yaranır:

bəs toylarda niyə oxşar qadağalar tətbiq olunmur? Niyə toylar üçün “xeyir işdir, hər adamın ömründə bir dəfə olur” deyib göz yumduğumuz israf, yasda qəbahət sayılır? Məgər hər adam ömründə bir dəfə ölmür?..
 

Əgər məqsəd israfçılığın qarşısını almaqdırsa, toylarda gərəksiz menyular, israf edilən cürbəcür yeməklər, həddindən artıq şou elementlərinə də qadağa qoyulsun. Sosial ədalət və ümumi rifah yalnız yaslara deyil, toy mərasimlərinə də tətbiq olunmalıdır.


Təəssüf ki, yas məclislərindəki dəbdəbəyə qarşı sərt addımlar atılsa da, toy sənayesi hələ ki “toxunulmazlığ”ını qoruyur.

Məsələylə əlaqədar millət vəkili Elnarə Akimova Bizim.Media-ya bildirib ki, israfçılıqla mübarizənin ədalətli və nəticəverici olması üçün yas və toy eyni tərəzi ilə ölçülməlidir.
 

“Biz yas mərasimində qadağanı sırf israfçılıq prinsipinə istinadən qoyuruqsa, bu halda yalnız yas deyil, toy mərasimləri də bu çərçivəyə salınmalıdır. Çünki israf bu gün yasdan çox toylarımıza aiddir.


Beş-altı il öncə bir neçə yazıçı indiki toyları baykot etməyə, israfçılığa son qoymağa çağırışlar etmişdi. Amma təəssüf ki, bəlli bir nəticə hasil olmadı. İndi tədricən yas mərasimlərində dəbdəbəli süfrələrin məhdudlaşdırılmasına nail oluruq.

Düşünürəm ki, eyni qərar toylara münasibətdə də tətbiq olunacaq”
 

E.Akimova deyir ki, toy mərasimlərində lüzumsuz xərclər, kreditə düşmək, ailələri ağır maliyyə yükü altına salmaq halları çoxdur. Gənclərin əksəriyyəti bu səbəbdən ailə qurmağa qorxur.


“Şadyanalıq belə ifrat dəbdəbəli olmamalıdır. Daha estetik, daha minimalist üslub yaratmaq mümkündür. Bunun üçün ictimai maarifləndirmə aparılmalı, mədəni dialoqlara üstünlük verilməli, eyni zamanda qanunvericilik səviyyəsində müəyyən yüngül normativlər də qoyulmalıdır”.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
40
1
bizim.media

10Mənbələr