Mərkəzi Bankın sədri Taleh Kazımova yeni müşavir təyin olunub.
Publika.az xəbər verir ki, vəzifə Bəhruz Süleyman oğlu Balayevə həvalə edilib.
B.Balayev 1983-cü ildə Lənkəran şəhərində anadan olub. O, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Politologiya” ixtisası üzrə bakalavr, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarında St. Tomas Universitetini “Hüquq” ixtisası üzrə magistr, 2012-ci ildə isə həmin universitetdə Hüquq Elmləri Doktoru (JSD) alimlik dərəcəsini alıb. 2013-cü ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetinə daxil olub, 2014-cü ildə oranı “Dövlət İdarəçiliyi” ixtisası üzrə magistr dərəcəsilə bitirib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə Hüquq üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilib.
Əmək fəaliyyətinə 2002-ci ildə Bakı şəhərində “Hyatt Hotels”də başlayıb. 2007-2012-ci illərdə Nyu-Yorkda “Hilton Hotels”də Əməliyyatlar direktoru vəzifəsində, 2012-2013-cü illərdə NyuYorkda “Oxfam Internatıonal”ın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müdafiəçisi, 2014-2022-ci illərdə Qətərdə və İngiltərədə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzində İnnovasiya və İrs direktoru, Qlobal Əlaqələr Departamentinin rəhbəri vəzifələrində çalışıb. 2022-2023-cü illərdə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında Xarici əlaqələr şöbəsinin ABŞ İdman Strategiyasına rəhbərlik edib.