İki illik təhsil isə sadəcə hazırlıq mərhələsi kimi məktəblərdə təşkil edilməlidir
12 illik təhsil sisteminin Azərbaycan təhsilinə keyfiyyət baxımından əlavə dəyər qatacağına dair inam zəifdir
Son günlər sosial şəbəkələrdə növbəti tədris ilindən 12 illik təhsilə keçidlə bağlı məlumatlar yayılıb.
Elm və Təhsil Nazirliyindən Oxu.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, növbəti tədris ilindən XII sinfin artırılacağı xəbəri həqiqəti əks etdirmir.
Qeyd olunub ki, prinsip etibarilə, Azərbaycanda ümumi təhsil 12 ili (1il+11il) əhatə edir:
məktəbəhazırlıq mərhələsi (5 yaş);
ibtidai təhsil (I-IV siniflər);
ümumi orta təhsil (V-IX siniflər);
tam orta təhsil (X-XI siniflər).
"Ənənəvi mənada 12 illik təhsil sisteminə keçid isə çoxşaxəli və mürəkkəb prosesdir. Elm və Təhsil Nazirliyi olaraq məqsədimiz təkcə illərin sayını artırmaq deyil, beynəlxalq standartlara tam cavab verən keyfiyyətli təhsil mühiti yaratmaqdır", - deyə məlumatda qeyd olunub.
Təhsil eksperti Elçin Murad “Sherg.az”-a bildirdi ki, Azərbaycanda təhsil sisteminin 12 illik olması məqsədəuyğun deyil:

“Mövcud dərs proqramı artıq 11 illik təhsili əhatə edir. Hətta məktəblərin doqquzillik təhsilə keçməsi daha məqsədəuyğundur. İki illik təhsil isə sadəcə hazırlıq mərhələsi kimi məktəblərdə təşkil edilməlidir. 12 illik təhsil müddətinə keçid təhsil prosesinin sadəcə uzanması deməkdir və bu, müsbət dəyişiklik vəd etmir. Belə ki, 12 illik təhsil müddəti məktəbəqəbul yaşının yeddi yaşdan 6 yaşa qədər endirilməsi, ya da digər tərəfdən əsgərlik yaşının 18-dən 19-a qaldırılması zərurətini ortaya qoyur. Əgər əsgərlik yaşı dəyişməzsə, universitetə daxil olan şagirdlərin təhsil müddəti 4 il olduğundan, onlar 22 yaşda yox, 23 yaşda təhsilini bitirəcək, bu isə həyatında əlavə bir il uzanma deməkdir ki, bu, həm əsgərlik, həm də təhsil prosesində problemlər yaradır. Eyni zamanda, 12 illik təhsil sisteminin Azərbaycan təhsilinə keyfiyyət baxımından əlavə dəyər qatacağına dair inam zəifdir. Çünki 11 il ərzində proqramın içərisində lazımsız mövzular və dərslər çıxarılaraq daha keyfiyyətli tədris təşkil oluna bilər. Doqquz illik təhsil müddətini başa vuran şagird orta məktəblərdə iki illik hazırlıq mərhələsindən keçərək istədiyi ixtisas qrupu üzrə universitetə hazırlaşa bilər ki, bu, 12 illik təhsil sisteminə nisbətən daha effektivdir. Hazırkı şəraitdə 12 illik təhsil sisteminə keçid texniki, inzibati və maddi baxımdan çətin, həmçinin ölkə büdcəsinə əlavə yük gətirən prosesdir. Bu səbəbdən mövcud doqquzillik təhsil müddətini tamamlayan şagirdlərin universitetə hazırlığı üçün iki illik hazırlıq mərhələsinin məktəblərdə tətbiqi daha məqsədəuyğun və effektivdir”.