BAKI, 9 avqust. TELEQRAF
Dünən bütün dünyanın diqqət mərkəzində olan ABŞ-Azərbaycan ikitərəfli və ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli Vaşinqton Zirvəsi ölkəmizin böyük və tarixi diplomatik qələbəsi ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazandığımız zəfərləri Vaşinqtonda, diplomatiya meydanında da təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev deyib.
Onun sözlərinə görə, əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq:
“Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də 1 günlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq. Azərbaycan Vaşinqtonda bütün strateji hədəflərinə çatdı. Birgə Bəyannamədə Azərbaycanın qazandığı əsas uğurlar olduqca önəmlidir. İlk növbədə ATƏT-in Minsk Qrupu və onun strukturlarının ləğvi – uzun illər nəticəsiz qalan və heç bir faydası olmayan format rəsmi şəkildə tarixə qovuşdu.
Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində razılaşma – Bəyannamədə “Sülh sazişinin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsi” barədə razılaşma ilə öz əksini tapıb. Bu, yəni konstitusiyanın dəyişdirilməsinin açıq yazılmaması Ermənistan daxilindəki radikal qüvvələrin Paşinyan hökumətinə qarşı Rusiyadan dəstəklənən etiraz dalğasını minimuma endirmək üçün diplomatik cəhətdən ağıllı yanaşma idi”.
Deputat Zəngəzur dəhlizinin açılması haqqında əldə edilən razılaşmaya da diqqəti çəkib: “Bu, Azərbaycanın maraqlarına tam uyğun formatda Naxçıvana maneəsiz gediş-gəliş təmin edəcək, Türk dünyasını bir-birinə quru yolla birləşdirəcək. Ermənistan ərazisindən keçən hissə ABŞ-nin 99 illik nəzarətinə veriləcək ki, bu da Rusiya və İranın regiondakı təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Dəhlizə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adı verilməsi isə bu uğurun siyasi rəmzinə çevrildi.
Sözsüz ki, Orta dəhlizin mövqeyinin möhkəmlənməsi - Zəngəzur dəhlizinin bu formada açılması Azərbaycanın tranzit imkanlarını və geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda revanşizmin qarşısının alınması – ABŞ-in zəmanəti ilə Ermənistan hökuməti və xalqı Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı gələcək təcavüz və qisas cəhdlərindən imtina edəcək. Bu, uzunmüddətli sülhün təminatı baxımından tarixi əhəmiyyət daşıyır”.
Azay Quliyev hesab edir ki, Azərbaycan Ermənistanla normallaşma və sülh prosesində bütün əsas tələblərinin yerinə yetirilməsini təmin etmiş oldu:
“Həmçinin Azərbaycan-ABŞ münasibətlərində tarixi dönüş baş verdi. Vaşinqton görüşü iki ölkə arasında yeni strateji mərhələnin başlanğıcı oldu. Azərbaycana qarşı ədalətsiz şəkildə tətbiq oluna sanksiya, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqi dayandırıldı. Prezident Donald Trampın bu qərarı məhz cənab İlham Əliyevin iştirakı ilə imzalaması dövlət başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsidir.
Paralel olaraq Strateji Tərəfdaşlıq Xartiyasına doğru ilk addım atıldı. “Azərbaycan Respublikası və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalandı. Bu Memorandum əsasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay ərzində hazırlanması qərara alındı ki, bu da hər iki tərəfin ciddi siyasi iradəsini nümayiş etdirir.
Sözsüz ki, görüşlərdə Prezident İlham Əliyevin diplomatik ustalığı daha çox diqqət mərkəzində idi. Görüşlərdə cənab İlham Əliyevin Paşinyandan fərqli olaraq ingilis dilində, kağıza baxmadan, səlis və məzmunlu çıxış etməsi onun yüksək intellektini, siyasi hazırlığını və peşəkarlığını bir daha ortaya qoydu. Bu mənada Vaşinqton görüşü Azərbaycanın diplomatiya tarixində möhtəşəm bir zəfər kimi qalacaq. Bu tarixi hadisə münasibətilə cənab Prezident başda olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm”.