AZ

Prezident İlham Əliyevin Vaşinqton Triumfu – Azərbaycan milli məqsədlərinin hamısına nail oldu

Bakı, 9 avqust, AZƏRTAC

Dünən bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton Zirvəsi ölkəmizin böyük və tarixi diplomatik qələbəsi ilə yekunlaşdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüş meydanında qazandığımız zəfərləri Vaşinqtonda, diplomatiya meydanında da təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövlətlərindən olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O deyib: "Vaşinqtonda əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq. Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də bir günlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq”.

Birgə Bəyannamədə ölkəmizin qazandığı əsas uğurlardan danışan deputat bildirib ki, Azərbaycan Vaşinqtonda bütün strateji hədəflərinə çatdı: “Belə ki, ATƏT-in Minsk qrupu və onun strukturlarının ləğvi – uzun illər nəticəsiz qalan və heç bir faydası olmayan format rəsmi şəkildə tarixə qovuşdu.

Eyni zamanda, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində razılaşma – Bəyannamədə “Sülh sazişinin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsi” barədə razılaşma qeyd olundu. Bu, yəni konstitusiyanın dəyişdirilməsinin açıq yazılmaması Ermənistan daxilindəki radikal qüvvələrin Paşinyan hökumətinə qarşı Rusiyadan dəstəklənən etiraz dalğasını minimuma endirmək üçün diplomatik cəhətdən ağıllı yanaşma idi.

Həmçinin Zəngəzur dəhlizinin açılması haqqında razılıq əldə olundu. Bu, Azərbaycanın maraqlarına tam uyğun formatda Naxçıvana maneəsiz gediş-gəlişi təmin edərək, Türk dünyasını bir-birinə quru yolla birləşdirəcək. Ermənistan ərazisindən keçən hissə 99 il müddətinə ABŞ-ın nəzarətinə veriləcək ki, bu da Rusiya və İranın regiondakı təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Dəhlizə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adının verilməsi isə bu uğurun siyasi rəmzinə çevrildi.

Orta Dəhlizin mövqeyinin möhkəmlənməsi – Zəngəzur dəhlizinin bu formada açılması Azərbaycanın tranzit imkanlarını və geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

Bu sazişlə həm də revanşizmin qarşısı alındı. ABŞ zəmanəti ilə Ermənistan hökuməti və xalqı Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı gələcək təcavüz və qisas cəhdlərindən imtina edəcək. Bu, uzunmüddətli sülhün təminatı baxımından tarixi əhəmiyyət daşıyır.

Beləliklə, Azərbaycan Ermənistanla normallaşma və sülh prosesində bütün əsas tələblərinin yerinə yetirilməsini təmin etmiş oldu”.

Azərbaycan–ABŞ münasibətlərindəki tarixi dönüş nöqtəsindən danışan A. Quliyev əlavə edib: "Vaşinqton görüşü iki ölkə arasında yeni strateji mərhələnin başlanğıcını qoydu.

Azərbaycana qarşı ədalətsiz şəkildə tətbiq olunan sanksiya - “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqi dayandırıldı. Bundan əlavə, Prezident Donald Trampın bu qərarı məhz Prezident İlham Əliyevin iştirakı ilə imzalaması dövlət başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsidir.

Strateji Tərəfdaşlıq Xartiyasına doğru ilk addım atıldı. “Azərbaycan Respublikası və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalandı. Həmçinin Memorandum əsasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay ərzində hazırlanması qərara alındı ki, bu da hər iki tərəfin ciddi siyasi iradəsini nümayiş etdirir”.

"Görüşlərdə Prezident İlham Əliyevin Nikol Paşinyandan fərqli olaraq ingilis dilində, kağıza baxmadan, səlis və məzmunlu çıxış etməsi onun yüksək intellektini, siyasi hazırlığını və peşəkarlığını bir daha ortaya qoydu.

Vaşinqton görüşü Azərbaycanın diplomatiya tarixində möhtəşəm bir zəfər kimi qalacaq", - deyə o vurğulayıb.

Seçilən
3
6
azertag.az

7Mənbələr