AZ

“Barselona”da Robert Levandovski şoku

İspaniya çempionu “Barselona”nın 36 yaşlı polyak mərkəz hücumçusu Robert Levandovsi zədə alaraq sıradan çıxıb.

Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən məlumat verir.

“Lyova” sol ayağında budun arxa səthinin zədəsi ilə üzləşib. Veteran futbolçunun zədədən bərpa müddətinin zədənin sağalmasından asılı olacağı vurğulanır.

Levandovski avqustun 10-da “Barselona”nın Joan Qamper Kuboku uğrunda “Komo” ilə keçirəcəyi oyunda “blauqrana”ya kömək edə bilməyəcək. Hücumçunun hətta İspaniya La Liqasının yeni mövsümündə ilk turu buraxacağı barədə ehtimallar da səslənməkdədir.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 52 oyuna çıxıb, 42 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 147 oyun, 101 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 158 oyun keçirib, 85 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
128
50
arena.az

10Mənbələr