AZ

Qurban Qurbanov: Çox intizamlı oynamalıyıq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyunundan əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:

“Çox vacib oyun olacaq. Rəqib də iddialıdır. İnanıram ki, azarkeşlər üçün maraqlı qarşılaşma olacaq. İlk matçda göstərilən mübarizəyə əsasən hər iki komanda qalib gəlməyə layiqdir. Bizim kiçik üstünlüyümüz var, 1:0 hesabı ilə öndəyik. Üstəlik, doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik. “Şkendiya” bizdən əvvəl FCSB üzərində iki oyunda qələbə qazanan komandadır. Onların ifasında xarakter, döyüşkənlik gördük. Bu rəqiblə bağlı təəssüratlarım eyni qalıb. Sabah onlara qarşı çox intizamlı oynamalı və möhkəm olmağı bacarmalıyıq”.

Qurbanov Kadi Borgesin çıxışı barədə danışıb:

“O, istəksiz deyil. Futbolçuların hamısı intizamlı oynamağa çalışırlar. Kadi daha çox texnikalı oyunçudur. Amma belə görüşlərdə rəqibi də nəzərə almaq lazımdır. Futbol artıq bir az fərqlidir. Top itkiləri artıb. Kadiyə də tapşırıqlar var idi. Səhvlər isə qaçılmazdır, həmişə olacaq. Kadidə daha yaxşı oynamaq potensialı var”.

Tərcübəli mütəxəssis istənilən oyunçunun çatışmayan cəhətlərinin olduğunu söyləyib:

“Emmanuel Addaidə də nəzərəçarpan dəyişikliklər var. O, Azərbaycan yeməklərini dadandan sonra bir az rejimində dəyişiklik olub. Kiçik cərimələr də etmişəm. Gözümüz onların yeməyində deyil. Mənim tərəfimdən narazılıqlar olub. Artıq hər şey sabitləşib. Özüm də bu rejimdə olmuşam. Hər halda, buna ciddi problem deməzdim. Hər şey artıq daha yaxşıya doğru gedir”.

Ağdam klubunun çalışdırıcısı ilk matçda bir az top itkilərinin olduğunu vurğulayıb:

“Daha səliqəli oynaya bilərdik. Məşqlərdə bunun üzərində çalışdıq”.

Seçilən
30
50
publika.az

10Mənbələr