AZ

“Bəlkə daha ağır ifadələr işlətdiz” - Qurban Qurbanov Kadinin müdafiəsinə qalxdı

“Qarabağ” sabah Çempionlar Liqasının cavab oyununda “Şkendiya”nı qəbul edəcək. “Football-plus.az” xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransındajurnalistlərin suallarını cavablayıb.
- Vacib oyuna çıxırıq. Rəqib də çox iddialıdı, döyüşkən komandadı. İntizamlı oynamağa çalışmalıyıq. Futbolçularla da danışmışıq. İnşallah, maraqlı oyun alınar. İlk oyunun təəssüratına əsasən hər iki komanda qalib gələ bilər. Doğma azarkeşlər önündə oynayacağıq. Ciddi 90 dəqiqə keçirəcəyik.
– İlk oyundan sonra rəqib haqda nə fikirləşirsiz?
- Eyni düşüncədə oldum. Hamı düşünürdü ki, FCSB mərhələni keçəcək, amma hər iki oyunda “Şkendiya” qələbə qazandı. Xarakteri və döyüşkənliyi ilə. Eyni cür düşünürəm. İntizamlı komandaya qarşı oynayacağıq.
- Kadi-nin qeyri-peşəkar oyunu, intizamsızlığı istəkdən irəli gəlirdi, yoxsa necə?
- Bəlkə daha ağır ifadələr işlətdiz. Futbolçular hamısı çox istəklidi. Kadi daha çox texnikalı oyunçudu. Praktiki işləri az olmalıdı. Ona görə sizə qəribə gəldi. Futbol bir az fərqli olmağa başlayır. Ümumilikdə Kadi verilən tapşırığı düzgün yerinə yetirməyə çalışdı.
- Addainin qeyri-sabitliyi nə dərəcədə düzgündü?
- İstənilən futbolçunun çatışmayan məqamı var. Addai gəldiyi vaxtdan bəri çox dəyişib. İşə yanaşmasında, istədiyimizi yerinə yetirməsində çox dəyişib. İnsan orqanizmi fərqlidi. Azərbaycan mətbəxinə düşüb. Buranın yeməkləri inanmıram başqa yerdə olsun. Gəldi, gördü, daha həvəsli oldu. Ona yeməklə bağlı kiçik cərimələr də tətbiq etmişəm. İnsanlar həssas olur. Söhbət onun nə yediyində deyil. Məndən bəzi narazılıqlar olub. Artıq sabitləşib. Özüm də bu yolu keçmişəm. Hər halda, dəyişiklik çoxdu.
- Adınız “Spartak”la yanaşı hallanır. Doğrudumu?
- Xeyr.
– Komandanın hansı mövqedəki çıxışı sizi qane etmədi?
- Çox açıqlamağa ehtiyac yoxdu. Daha səliqəli oynasaq, yaxşı olardı.
– İlk oyunda Koxalski möhtəşəm oynadı. Sabah da qapıda o olacaq?
- Ehtimal çoxdu. Hər halda, heyətdə bəzi dəyişikliklər etmişik.

– Tahir Gözəl hücum xəttini gücləndirəcəyinizi demişdi. Klovis məsələsi var idi. Nə yerdədi?
- Siyahımızda çox futbolçu var, biri də Klovisdi. Danışıq aparılan futbolçu çoxdu.
- Pley-offdakı rəqiblərdən hansı sizin üçün daha uyğun olar?
- Bu elə məsələdi ki, qalib gəlsək də, uduzsaq da, onlardan biri ilə qarşılaşacağıq. Sabahkı oyuna köklənmişik.
- Son transferiniz Montielin mövqeyi nədi? Hazırdı?
- Universaldı. Yaxşı futbolçudu, amma hazır deyil. Solda da, mərkəzdə də oynayır. Sağda da oynaya bilir. Qarşıdakı oyunlarda bizə kömək üçün böyük potensialı var.
- Pley-offa qədər hücumçu tapacaqsınız?
- Transfer elə məsələdi ki, bazarda satılmır. Özünüz görmüsüz, nə qədər hücumçu transfer etmişik. O qədər də yanılmamışıq. Demək olar ki, ən yaxşı futbolçunun da mənfi cəhətləri var. Özünü yaxşı göstərir, təkliflər olur, itiririk. Nə qədər yox desək də, insan psixologiyası fərqlidi. Dino Ndlovunu satdıq, Vacini satdıq, Mahir getdi, Juninyo getdi. Dəfələrlə bildirmişəm. Nəinki hücumçu, bütün mövqelərə oyunçu axtarıram. Elə addım atmaq istəyirik ki, faydalı iş əmsalı çox olsun. Bəli, təzyiq çoxdu, hamı hücumu gözləyir. Hər mövsüm bu məsələlər olur. Keyfiyyətimizə uyğun iş görmək istəyirik. Klovis məsələsi çox danışıldı. Kənardan hər şey rahat görünə bilər, daxildə çox detal var. Burda sizləri, azarkeşləri sevindirmək üçün işləyirik. Futbolçularıma da deyirəm ki, 10 ildən çoxdu liderlər sırasında olmaq istəyirik, bacarırıq. Əlimizdəkini qorumağa çalışmalıyıq. Nəticələrimizin daha yaxşı olması üçün vaxt ayırmışıq. Bizə təzyiqlər olacaq. Juninyo yaxşı xarakterli insan idi. Çox istəyirdim onu. İspaniyadan, Braziliyadan təklif gəldi, itirdik. Azarkeşlərə demək istəyirəm ki, narahat olmasınlar. Elə nüanslar var ki, razılaşma alınmır. “Transfer pəncərəsi”nin son dəqiqəsinə yaxşı kollektiv qurmağa çalışacağıq.
– Muaremlə görüşünüz necə oldu?
- Bir az kökəlmişdi (gülür). Onun qəlbimizdə böyük yeri var. Sizin bilmədiyiniz şeylər çoxdu. Onların hər birini bu komandaya, oyuna kökləmişik. Klubun tarixində böyük imzası var. İnanıram ki, gələn dəfə görəndə formaya düşər (gülür).
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
32
50
football-plus.az

10Mənbələr