BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İran Prezidenti Məsud Pezeşkian deyib ki, Azərbaycan və Ermənistan arasında imzalanan bəyannamədə İranın maraqları da nəzərə alınıb.
"Zəngəzur dəhlizi məsələsində İranın tələbləri yerinə yetirilib. Bu dəhliz mövcud sərhədləri qoruyur. Yol sadəcə nəqliyyat əlaqəsini təmin edir. İranın Avropaya və Şimala tranzitinə mane olmur. Yeganə narahatlıq tikintidə yalnız Amerika Birləşmiş Ştatları və Ermənistana məxsus şirkətlərin iştirak etməsidir", - Pezeşkian yerli mediaya açıqlamasında bildirib.
Pezeşkianın açıqlamasına baxmayaraq Azərbaycan və Ermənistanın nəqliyyat dəhlizi ilə bağlı razılığa gəlməsi İranda böyük narahatlıq yaradıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
İranın Ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti Tasnim agentliyinə müsahibəsində deyib ki, bu dəhliz ticarət marşrutu deyil, İrana və digər qonşu ölkələrə qarşı hazırlanan "siyasi qəsd planıdır".
O deyib ki, İran Qafqazda Birləşmiş Ştatlara məxsus dəhlizin yaradılmasının qarşısını alacaq.
"İran Rusiya ilə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı tədbirlər görməkdə israrlıdır. İnanırıq ki, Rusiya da strateji baxımdan bu dəhlizə qarşıdır", - Tasnim agentliyi Vilayətinin müsahibəsindən sitat gətirib.
Vilayəti bildirib ki, rəsmi Tehran bu dəhlizi regionda geosiyasətin və sərhədlərin dəyişdirilməsi kimi qiymətləndirir.
Onun sözlərinə görə bölgədəki geosiyasi dəyişiklik İranın sərhədlərini də dəyişəcək.
O, belə vəziyyətdə İranın öz maraqlarını güclü şəkildə müdafiə etmək hüququnun olduğunu diqqətə çatdırıb.
İran rəsmisi qeyd edib ki, NATO Rusiya və İran arasında yerləşmək istəyir, lakin İran buna imkan verməyəcək.
İranın Xarici İşlər Nazirliyi isə açıqlamasında Cənubi Qafqazda baş verənləri yaxından izlədiklərini qeyd edib.
Nazirlik bildirib ki, İran tərəfi regionda baş verən dəyişikliklərlə bağlı həm Azərbaycan, həm də Ermənistanla danışıqlar aparır.
Qurum iki ölkə arasında sülh və sabitliyi dəstəkləyən hərəkətləri alqışladığını bildirsə də, digər ölkələrin regiona müdaxilə imkanlarından narahat olduğunu bəyan edib.
İran rəsmiləri hesab edir ki, Azərbaycan ilə Naxçıvanı birləşdirmək üçün hər hansı dəhlizə ehtiyac yoxdur və Azərbaycan İranın quru ərazisi ilə bu əlaqəni qura bilər.
Rəsmi Bakı və Yerevan İranın bu narahatlığı ilə bağlı hələlik açıqlama verməyiblər.
Video açılmırsa, YouTube kanalımızda baxın.