Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Vaşinqtonda keçirilən görüşün nəticələrini müsbət qiymətləndirirəm. Çünki əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad etməsi və nəticədə ermənilərin kütləvi şəkildə Qarabağı tərk etməsi, dünyanın bir nömrəli dövləti olan Amerika tərəfindən tanınır".
Avtosfer.az xəbər verir ki, bu fikirləri "redaktor.az"a politoloq Zərdüşt Əlizadə Vaşinqtonda keçirilən üçtərəli görüşdən danışarkən bildirdi.
"Bu, Azərbaycanın qələbəsinin leqallaşması deməkdir. Azərbaycan Zəngəzur yolunun açılmasına nail olub. Dəhlizə kimin nəzarət edəcəyinin əhəmiyyəti yoxdur. Bizim əsas məqsəd odur ki, Azərbaycanla Naxçıvan arasında quru yolla əlaqə yaransın. Paşinyan Zəngəzur dəhlizinin Amerikanın idarəçiliyinə verilməsinə razı oldu. Bununla da Ermənistanla İran arasında olan müttəfiqliyə son qoyuldu. Nəhayətdə, 907 nömrəli düzəlişin ləğvi barədə qərar qəbul edildi. İndi bunun icrasını gözləmək lazımdır. Azərbaycanla Amerika arasında strateji əməkdaşlıq barədə müqavilənin hazırlığı barədə qərar qəbul edildi. Bu da müsbət bir haldır".
Politoloqun fikrincə, Amerikanın Azərbaycanla arasındakı bu yaxınlıq Rusiyanın gözlənilən təzyiqlərini xeyli dərəcədə zərərsizləşdirir:
"Bütün bunlar Azərbaycanın əldə etdiyi müsbət nəticələrdir. Ermənistanın əldə etdiyi nəticələrə gələndə, ilk əvvəl Nikol Paşinyan 2026-cı ilin yayında nəzərdə tutulan parlament seçkilərində öz partiyası üçün böyük siyasi uğur qazandı. Nəyə görə? Erməni cəmiyyəti daima xaricdə özünə havadar və hami axtarır. Nikol Paşinyan Amerikanı, yəni dünyanın bir nömrəli qüdrətli dövlətini Ermənistanın hamisi kimi erməni cəmiyyətinə, erməni seçicisinə təqdim edir və deyir ki, bunu mən elədim. Bundan sonra yəqin ki, sürətlə Azərbaycanla Ermənistan arasında münasibətlər yaxşılaşacaq. Prezident İlham Əliyev dedi ki, yəqin yaxınlarda sülh müqaviləsi imzalayacaq. Çünki artıq Minsk Qrupunun ləğvi barədə Amerikanın dəstəyi ilə qərar qəbul olunub. Bundan sonra ATƏT tərəfindən belə bir ciddi maneə olmayacaq. Sülh müqaviləsi imzalanandan sonra təbii ki, Ermənistanla Türkiyə arasında münasibətlər də sürətlə tənzimlənəcək. Səfirliklər açılacaq. Türkiyə Ermənistanla bərabər hüquqlu qarşılıqlı paytaxt əsasında münasibətlər quracaq. Bu da Azərbaycana sərf eləyir. Təbii ki, Azərbaycanla da diplomatik əlaqələr tənzimlənəcək, yüksələcək".
Z.Əlizadənin sözlərinə görə, Bakıda Ermənistanın, İrəvanda Azərbaycanın səfirliyi açılacaq.
"Sərhədlər açılacaq. Gedib-gəliş başlayacaq. Tədricən o keçmişdəki ədavət yavaş-yavaş aradan qalxmağa başlayır. Başqa bir uzaq nəticə də var. O nəticəni də unutmaq lazım deyil. Amerika əlbəttə ki, demokratik dövlətdir, böyük dövlətdir, amma o həm də imperialist dövlətdir. Bütün dünyada yalnız Amerikanın mənafeyini axtarır. Qafqaza da gələndə, o nə erməni və nə də Azərbaycan xalqının xeyrini güdmür. Əvvəl Amerikanın, amerikan transnasional şirkətlərinin mənafeyini güdürlər. Amerika deyəndə, yalnız demokratik Amerikanı yox, həm də imperialist Amerikanı xatırlamaq lazımdır. Burada Cənubi Qafqaza Amerikanın geosiyasi və siyasi nüfuz dairəsinə daxil olmasını, onun Amerikanın arxa həyəti, həyətinə çevrilməsini göstərir. Bunun da özünün ciddi fəsadları ola bilər. İlk növbədə, Azərbaycanın şimal və cənub qonşuları ilə münasibətlərində hansısa bir fəsadlara gətirə bilər. Bunu da unutmaq lazım deyil. Buna görə də xarici siyasətdə ehtiyatlı olmaq lazımdır".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.