AZ

Ağdam şəhərinin 3 yaşayış məhəlləsində inşaat işləri sürətlə davam edir 

İşğal dövründə tamamilə dağıdılaraq xarabalığa çevrilmiş Ağdam şəhərində hazırda böyük tikinti bumu yaşanır. Təhsil, səhiyyə, mədəniyyət, sənaye obyektləri ilə yanaşı, yaşayış məhəllələrinin tikintisi də həyata keçirilir. Hazırda 2-ci, 4-cü və 5-ci yaşayış məhəllələrində inşaat işləri sürətlə davam edir.

AZƏRTAC-ın bölgə müxbiri Ağdam şəhərində çoxmənzilli yaşayış binalarının tikildiyi 4-cü yaşayış məhəlləsində görülən işlərlə maraqlanıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci dövlət proqramına uyğun olaraq, Ağdam şəhərində 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq. Hazırda 2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-sı isə qeyri-yaşayış binalarıdır. Bu məhəllədə 1268 mənzil olacaq ki, onlardan 114 ədədi birotaqlı, 464 ədədi ikiotaqlı, 536 ədədi üçotaqlı, 154 ədədi isə dördotaqlıdır. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq.

4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur. Burada 10 kvartal üzrə 64 bina olacaq. Onlardan 47-si yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır. 4-cü yaşayış məhəlləsində 4450 nəfərdən ibarət 1080 ailənin məskunlaşdırılıması nəzərdə tutulur. Bu məhəllədəki binalarda 48 ədəd birotaqlı, 356 ədəd ikiotaqlı, 474 ədəd üçotaqlı və 202 ədəd dördotaqlı mənzillər olacaq. Bundan əlavə bu yaşayış məhəlləsində də yerüstü və yeraltı avtomobil dayanacağı yaradılacaq.

5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. Burada 12 kvartal üzrə 50 ədəd bina inşa olunacaq. Onlardan 40 ədədi çoxmənzilli yaşayış binası, 10 ədədi isə qeyri yaşayış binalarıdır. Həmin binalarda 1074 mənzil olacaq ki, onlardan 5 ədədi birotaqlı, 372 ədədi ikiotaqlı, 443 ədədi üçotaqlı və 254 ədədi isə dördotaqlıdır. 5-ci yaşayış məhəlləsində də qeyri-yaşayış binaları tikiləcək, uşaq, idman və istirahət meydançaları, eləcə də qazanxanalar olacaq.

Tikinti şirkətinin direktoru Mirzə Məcnunov 4-cü yaşayış məhəlləsində görülən işlər barədə məlumat verib. Bildirib ki, binaların bəzilərinin fasadında və daxilində hörgü işləri görülür, bəzilərində isə dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Digərlərinin 5-ci və 6-cı mərtəbələrində işlər davam edir. Binanın zirzəmisində hörgü və suvaq işləri aparılır. Hər bir binada lift və zirzəmidə avtomobil dayanacağı nəzərdə tutulub.

Seçilən
10
10
azerbaijan-news.az

10Mənbələr