AZ

BDYPİ: Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü stasionar postda saxlanılıb

Bakı, 12 avqust, AZƏRTAC

Qanunsuz sərnişindaşıma həyata keçirən və yol polisinin nəzarətindən yayınmaq məqsədilə müxtəlif istiqamətlərdə torpaq yollarla hərəkət edərək daşıdığı sərnişinlərin həyatını təhlükə altına qoyan sürücü Yol Polisi Xidməti əməkdaşları tərəfindən müəyyən edilərək stasionar postda saxlanılıb.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Azər Bəhram oğlu Əliyevin törətdiyi qayda pozuntuları ilə yanaşı, nəqliyyat vasitəsini idarə etmək hüququnun da olmadığı müəyyən edilib və barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A. Əliyev 25 gün müddətinə inzibati qaydada həbs edilib.

“BDYPİ bütün sürücülərə xatırladır ki, qanunsuz sərnişindaşıma və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sükan arxasına keçmək, yollarda qəza riskini dəfələrlə artırır və insan həyatını ciddi təhlükəyə məruz qoyur. Qaydaları pozmayın, təhlükəsizliyə məsuliyyətlə yanaşın”, - deyə məlumatda vurğulanıb.

Seçilən
54
13
azertag.az

10Mənbələr