AZ

XİN məlumat verir

Dünən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər.

***

Ölkəmizin Fransadakı səfirliyi Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın üzləşdikləri vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir: “Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək, Fransa vasitəsilə Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat səfirliyə daxil olan gündən konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olurlar.

Qeyd edilir ki, iyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Avqustun 6-da Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacağa yerləşdirilib.

Fransa polisinin bu addımı Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.

Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.

Azərbaycanın Parisdəki səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik və Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir.

Məsələ səfirliyin nəzarətindədir”.

XQ

Seçilən
7
7
xalqqazeti.az

10Mənbələr